8 Noyabr prospekti ilə hərəkət edən velosiped sürücüsü velosiped zolağının yarıda qalmasından şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazidə işlər davam etdirilir.
"8 Noyabr prospektinin sağ və sol kənarlarında ümumi uzunluğu 10 kilometrə yaxın velosiped yolları salınır. Bu yollar "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır. İşlər tam yekunlaşandan sonra 8 Noyabr prospektindəki mikromobillik zolağı şəhər mərkəzində yaradılan zolaqlarla birləşdiriləcək.
Bu ərazidə xüsusi panduslar tikiləcək və Afiyəddin Cəlilov küçəsindəki zolaqla birləşdirilərək davamlılıq təmin ediləcək. Yol kəsişməsində hərəkət intensivliyi nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüləcək," - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
Rəylər