"Azərbaycanda su layihələrinə kadr hazırlığı və gender perspektivlərini daxil etmək üçün fəal işləyirik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Su və gender bərabərliyi" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi ilə biz layihələrimizə bu sahədə kadr potensialını gücləndirmək və sahəvi biliklərin öyrədilməsi proqramlarını daxil etmişik. Bu təşəbbüslər artıq müsbət nəticələr verib, lakin biz uzun bir yolun hələ başlanğıcındayıq. Məqsədimiz cinsindən asılı olmayaraq bütün vətəndaşların su ehtiyatlarımızdan bərabər şəkildə faydalanmasını və onların idarə olunmasına töhfə vermək imkanını təmin etməkdir.
Z.Mikayılov bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 5-ci gender bərabərliyinə nail olmaq və 6-cı hamı üçün su və kanalizasiya xidmətlərinin mövcudluğunu təmin etmək hədəflərinə sadiqdir:
"Bu cəbhələrdəki işimiz bir-biri ilə sıx bağlıdır. Biz ayrı-ayrı məqsədlər kimi deyil, davamlı inkişafın bir-biri ilə əlaqəli sütunları kimi su təhlükəsizliyi və gender bərabərliyini təşviq etmək üçün birlikdə çalışmalıyıq - dövlət qurumları, vətəndaş cəmiyyətləri və beynəlxalq təşkilatlar - hər birimiz bu məsələnin bərabərhüquqlu iştirakçısıyıq".
Rəylər