Məhdud tibbi təhsil verən kursların sayı günü-gündən artır. Orada təhsil alanlar altı ay kurs keçməklə tibb bacısı və ya əczaçı peşələrinə yiyələnirlər. Bəs, belə tibb işçilərinə etibar etmək olarmı?
Xezerxeber.az-ın məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən əksər tədris mərkəzlərində tibb bacısı, əczaçılıq, kosmetoloq və digər tibbə aid olan ixtisaslar üzrə kurslar keçirilir.
Dövlət orta ixtisas məktəblərində tibb bacısı, əczaçı diplomuna yiyələnmək üçün tələbələr üç il təhsil alır. Azərbaycan Tibb Universitetində isə əczaçı olmaq üçün beş il, tibbi bacısı olmaq üçün dörd il təhsil müddəti nəzərdə tutulur.
Bəs, necə olur ki, özəl kurslarda qısa müddətə tibb bacısı və ya əczaçı olmaq olur?
Sualımıza cavab tapmaq üçün sözügedən kurslarla əlaqə saxlamağa çalışdıq. Lakin onlar suallarımızı cavablandırmaqdan çəkindilər.
Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, belə kurslara adətən Tibb Universitetinə qəbul ola bilməyənlər, rahat yolla iş tapmaq istəyənlər gedirlər.
Ekspertin sözlərinə görə, özəl tibb kurslarını bitirənlər dövlət xəstənalarında işlə təmin olunmur, amma çox vaxt özəl xəstəxanalar bu şəxsləri işə götürürlər.
Məsələ ilə bağlı Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirib ki, özəl kursda tibb bacısı təhsili alan şəxslər yalnız vacib olduqda ailə üzvlərinə və ətrafındakı insanlara yardım edə bilərlər.
Səhiyyə Nazirliyindən bildirilib ki, tibblə bağlı kursların verdiyi sertifikat və ya diplom nazirlik tərəfindən tanınmır. Bu cür kurslara gedənlər bilməlidirlər ki, onlara verilən diplomun heç bir perspektivi yoxdur.
Ətraflı süjetdə:
Altı ay kurs keçən “tibb işçiləri”nə canımızı əmanət edə bilərikmi? - VİDEO
Rəylər