Qan Turalı yazır...
Tezliklə Avropanın siyasi xəritəsində yeni bir dövlət görünəcək. Bəlkə də bu dövlət ərazisi kiçik olduğuna görə rəqəmlərlə göstəriləcək. Söhbət Albaniyada yaradılması nəzərdə tutulan "Bəktaşi Təriqəti Suveren Respublikası"ndan gedir.
Albaniyanın Baş naziri Edi Rama yeni dövlət haqqında məlumatı "Nyu York Times" qəzetinə verib. Hökumət bu yeni dövləti dəstəkləyir. Bəktaşi dövləti təxminən 10 hektar ərazidə qurulacaq. Müqayisə üçün deyək ki, bizim İçərişəhər 22 hektardır. Albaniyanın baş nazirinin açıqladığı plana görə yeni dövlətin muxtar idarəetməsi, kəşfiyyat orqanı, pasportları da olacaq. Bir sözlə, Bəktaşi dövləti bir növ Bəktaşi Vatikanı olacaq.
Bəktaşi dövlətində spirtli içki qadağan edilməyəcək və qadınlar istədiyi kimi geyinə biləcəklər. Baş nazir dövlətin məqsədinin Albaniyanın islami tolerantlığını, multikulturalizmini bütün dünyaya nümayiş etdirmək olduğunu da qeyd edib.
Bəktaşi təriqəti haqqında məlumat verməzdən əvvəl Albaniyanın dini demoqrafiyasına nəzər salaq. Azərbaycandan təxminən üç dəfə kiçik olan bu ölkənin əhalisi bu il aparılan siyahıyaalmaya görə 2.4 milyon nəfərdir. Həmin siyahıyaalmanın nəticələri görə ölkə əhalisinin 1.1 milyonu özünü müsəlman hesab edir. Bundan başqa ölkədə 200 mindən artıq katolik, 170 mindən artıq isə pravoslav vardır. Rəyi soruşulanlardan 332 min nəfəri isə heç bir dinə mənsub olmadığını bildirərək inanclı olduğunu qeyd etsə də, 244 min nəfər dini mənsubiyyət sualını cavabsız buraxıb.
Qeyd olunan 1.1 milyon artıq müsəlman isə sünni məzhəbindəndir. Bəktaşilərin sayı isə 115 min nəfərdir. Bəktaşilər özlərini müsəlman yox, bəktaşi adlandırdıqları üçün onlar 1.1 milyonluq hissəyə aid olunmayıblar. Qeyd olunan rəqəmlərdən Albaniyada dini müxtəlifliyin nə qədər böyük olduğunu müşahidə etmək mümkündür.
Albaniyada bəktaşiliyin kökləri XIII əsrə qədər uzanır. Bəktaşilik ələviliyin sufi qoludur və mötədil, loyal yanaşması ilə seçilir. Ələvilik isə şiəliyin cərəyanlarından biridir. Osmanlı ordusunun əsas vurucu qüvvəsi olan yeniçərilər də bəktaşi təriqətində idilər. Türkiyə cümhuriyyətinin erkən dövrlərində sufi təkkələri qadağan edildikdən sonra təriqətin mərkəzi Albaniyaya köçürülmüşdü. Ancaq Türkiyə bəktaşiləri Albaniyadakı bəktaşilərin iyerarxiyasını qəbul etmirlər. Belə ki, onların yaydığı açıqlamaya görə yeni qurulacaq dövlətin başına keçəcək Baba Mondi "dədəbaba" rütbəsində deyil və buna görə də onun dünya bəktaşilərini təmsil etməsi qanuni olmayacaq. "Dədəbaba" bəktaşilikdə ən ali dini mərtəbə sayılır. Baba Mondinin sələfi olan Rəşad Bardi "dədəbaba" rütbəsində olan bir bəktaşi idi.
Türkiyənin sünni xəttinə mənsub dindarları da yeni qurulacaq dövlətin əleyhinə çıxışlar edir, bu ideyanı Qərbin islamı bölmək planı olduğunu düşünürlər.
Albaniya dövləti isə 2022-ci ildə ölkəyə edilən kiberhücumlarda İranı ittiham edərək İranla bütün diplomatik əlaqələri kəsmişdi. Məsələnin bu tərəfini də diqqətə almaq gərəkdir.
Hər bir halda Səfəvilər dövlətinin qurucusu Xətainin yaydığı ələviliyin sufi xətti olan bəktaşiliyin xüsusi bir dövlət qurması bir çox cəhətlər üzrə maraq doğurur. Hadisələrin gedişatını görmək üçün isə zaman ehtiyac var.
Rəylər