İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 369 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
Oxu.Az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Bildirilib ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22 oktyabrdan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi "YouTube" kanalı, həmçinin "1549" çağrı mərkəzindən əldə etmək mümkündür.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 522 kirayə müqaviləsi bağlanıb.
Rəylər