Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb.
Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı metrosunun "28 May" stansiyasında sərnişinin faciəli ölümü ilə bağlı məlumat yayıb.
Oxu.Az bildirir ki, məlumatda deyilir:
"İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun "28 May" stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır".
Bakı metrosunda faciəvi şəkildə həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub
16:40
TƏBİB Bakı metrosunun "28 May" stansiyasında sərnişinin faciəli ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Oxu.Az-a verilən məlumatda deyilir:
"Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb".
13:50
Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin (cinsi kişi) ölüb. Onun 65-70 yaşının olduğu təxmin edilir.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, onun meyiti qatar yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.
Hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür.
13:36
Bakı metrosunun "28 May" stansiyasından üzü "Həzi Aslanov" stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb.
Oxu.Az-ın məlumatına görə, yaranan vəziyyətlə əlaqədar xətlərdə yubanma var.
Bildirilir ki, qatar həmin şəxsin üstündən keçib, lakin onun vəziyyəti hazırda məlum deyil.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Bakı metrosunda faciəvi şəkildə həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub