Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından biri olan "Peking to Paris Motors Challenge" beynəlxalq yarışının 8-ci buraxılışı keçirilib.
Oxu.Az xəbər verir ki, dənizkənarı Milli Parkda yerləşən "Yeddi Gözəl" fəvvarəsinin yanında baş tutan tədbirdə retro avtomobillərini sevənlər bir araya gəliblər.
"Peking to Paris Motors Challenge" təkcə avtomobil yarışı deyil, həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro avtomobillər ilə təxminən 14 min km məsafə qət edərək dünyanın ən çətin marşrutlarından birində yarışırlar.
Otuz yeddi gün davam edəcək "Peking to Paris Motors Challenge" beynəlxalq yarışı 18 may 2024-cü il tarixində Çin Xalq Respublikasında başlamaqla Monqolustan, Qazaxıstandan keçərək Azərbaycana çatıb. 200 nəfər iştirakçının qatıldığı yarışın Fransada başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, "Peking to Paris Motors Challenge" 1907-ci ilin ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor rallisidir.
Tədbir mədəniyyətimizin nümayişi və şənliklə başa çatıb.