Bakının Xətai rayonu, Xocalı prospektində aparılan yeni xətlənmə işləri vətəndaşların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Yeni xətlənməyə əsasən, sürücülər avtomobillərini rəsmi parklanma ərazisində saxlamaq üçün əvvəlcə qaydanı pozaraq, 100 manat və 2 bal cəriməsi olan xüsusi avtobus zolağına girməlidirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.
"Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb", - deyə açıqlamada vurğulanır.
Xatırladaq ki, avqust ayının 30-da Xocalı prospektində xətlənmənin insanların narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.
Həmin vaxt qurumun Mətbuat Xidməti ərazidə avtobus zolağı olacağını istisna etmiş və Oxu.Az-a verilən açıqlamada həmin yol sahəsində mikromobillik zolağı, parklanma məntəqəsi və ümumi istifadə üçün zolağın mövcud olduğunu bildirmişdi.
Əzizə İsmayılova
Rəylər