Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq beşinci ildir ki, uğurla həyata keçirilir. İlkin olaraq pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan onun davamı olaraq mərhələli şəkildə daha yeddi paytaxt rayonu - Nizami, Nəsimi, Səbail, Suraxanı, Xətai, Yasamal və Pirallahı rayonları da buraya qoşulub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
İşlərin gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Yerli və britaniyalı mütəxəssislərin mütəmadi olaraq birgə apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirilməsini göstərir.
Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına üç il əvvəl başlanılan Yasamal rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 22 ton təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Rəylər