İki gün ard-arda paytaxt Bakıda müşahidə olunan intensiv yağış şəhərin müxtəlif ərazilərində, xüsusilə də Sabunçu körpüsü ətrafında ciddi fəsadlar törədib. Nəticədə iki nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, yaranan vəziyyətlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən gün mətbuata açıqlamasında yaranan vəziyyətə cavabdeh olan müvafiq qurumların iştirakı ilə iclas keçiriləcəyini bildirmişdi.
Məsələnin nə yerdə qaldığı ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğular ünvanladıq.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılıb.
"Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılıb, çatışmazlıqlar müəyyən edilib və cavabdeh qurumlara təqdim olunub".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vəziyyətin araşdırılması, monitorinqin aparılması və vəziyyətə dair hesabatın hazırlanması üçün tapşırıqlar verilib.
"Xidmətin müvafiq şöbələri tullantı, yağış və içməli su təchizatı ilə bağlı işləri intensiv və mütəmadi olaraq həyata keçirirlər.
Həmçinin yağıntılı günlərdə bu fəaliyyət daha da gücləndirilir. Son günlərdə ölkə ərazisində normadan dəfələrlə artıq yağan intensiv yağış nəticəsində paytaxtda və rayonlarda yaranan fəsadlar hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aradan qaldırılmaqdadır. Xeyli ərazi yağıntı sularından təmizlənib, hazırda proses yekunlaşmaq üzrədir. Görülən və görüləcək işlərlə bağlı ənənəvi olaraq növbəti iclas da keçirilib", - deyə məlumatda bildirilir.
Ən çox müzakirə olunan məsələlərdən biri də Sabunçu körpüsünün altında yığılan yağış suları idi. Agentlikdən bildirilib ki, həmin ərazidəki su tamamilə çəkilib, qalan palçıq da təmizlənir.
"Sabunçu vağzalının qarşısındakı su tamamilə çəkilib, Mərdəkan körpüsünün altındakı yağış suları isə hazırda ərazidən kənarlaşdırılır", - deyə məlumatda vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) də sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirdi ki, paytaxtda güclü yağışla müşahidə olunan hava şəraitinə uyğun olaraq, tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışıb.
"Respublikanın avtomobil yollarında, körpü, tunel və keçidlərdə mütəmadi olaraq monitorinqlər aparılır, suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalar növbətçilər tərəfindən daim nəzarətdə saxlanılır. Çünki xüsusən paytaxt ərazisində yerləşən tunel və keçidlərdə olan rezervuarlara təkcə yağış suları deyil, həm də qrunt suları da yığılır. Suyun yığılma sürətindən asılı olaraq, nasoslar işə salınır. Hər bir keçid və tuneldə bir neçə bu cür nasos var. Sözügedən sistem şəhərin ümumi kollektorlarına qoşulu olur.
Məlum olduğu kimi, paytaxt ərazisində bir neçə tuneldə yağış sularının dolması qeydə alınıb. Güclü yağışlar nəticəsində tunel və keçidlərdən suyun çəkilməsini təmin edən sistemlərin qoşulduğu kollektorlar daxil olan suyu tam həcmdə ötürə bilməyib. Qeyd etmək istərdim ki, Sabunçu tuneli agentliyin balansında deyil.
Fəsadların baş verdiyi ərazilərdə aidiyyəti qurumlarla birgə suların çəkilməsini təmin etmək üçün işlər aparılıb. Hazırda xidmət göstərdiyimiz yollarda hər hansı problem müşahidə olunmur", - deyə bildirib.
AAYDA rəsmisi əlavə edib ki, qurum artıq payız-qış mövsümünə hazırlıqla əlaqədar oktyabr ayının 1-dən etibarən gücləndirilmiş iş rejimində çalışır.
"Dağlıq və dağətəyi rayonlardan fərqli olaraq, paytaxtda, son yağışlı hava şəraiti istisna olmaqla, payız fəsli özünü o qədər də büruzə verməyib. Qeyri-sabit hava şəraitinin yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində tərəfimizdən, mövcud şəraitə uyğun olaraq, tədbirlər davam etdirilir", - deyə A. Nəcəfli vurğulayıb.
Xatırladaq ki, ötən gün iki nəfərin boğulduğu tuneli tikən "Körpü Bina Tikinti" MMC-nin rəhbərliyindən özünü şirkətin müdir müavini kimi təqdim edən şəxs mətbuata açıqlamasında tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilməyəcəklərini vurğulamışdı.
Beləliklə, paytaxtda ciddi fəsadlara səbəb olan yağış sularının fəsadları ilə mübarizə üçün bütün aidiyyəti qurumlar səfərbər olunublar. Ümid edirik ki, görülən tədbirlər nəticəsində vəziyyət tam normallaşacaq və yağış bir daha bu qədər problemə səbəb olmayacaq.
Əzizə İsmayılova