Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
Oxu.Az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər bir fərdin layiqli vətəndaş kimi formalaşmasında müəllim əməyinin əvəzsiz rolu var.
Məhz bu səbəbdən ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. O hər zaman deyərdi:
"Mən dünyada müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Bu gözəl gün münasibətilə Azərbaycan müəllimlərini təbrik edir, savadlı, gözəl əxlaqlı tələbələri ilə öyünmələrini arzulayırıq!