"Bakı Ekspo Mərkəzi"ndə dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, açılış mərasimində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov və bir sıra qonaqlar iştirak edirlər.
Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə start götürən tədbir Təşkilat Komitəsi üzvlərinin və qonaqların çıxışları ilə davam edir.
Mentorlar açılış nitqində dördüncü dəfə keçirilən "Yüksəliş" müsabiqəsinin əhəmiyyətindən və potensiallı kadrlar üçün yaratdığı imkanlardan danışırlar.
Bu müsabiqənin gənclərin inkişafında və onların liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayırlar.
118 nəfərin mübarizə aparacağı final mərhələsi üç gün davam edəcək və iyulun 21-də yekunlaşacaq. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən "İdarəçi rollar modeli" üzrə qiymətləndiriləcəklər.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər