Kubra Məhərrəmova yazır...
Yenə sosial şəbəkələrdə aləm bir-birinə dəyib. İnsanlar yenə nədənsə şikayətlənirlər.
Bu qədər narazılığa səbəb sən demə Milli Məclisin iclasında bir müddət əvvəl müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər olub.
Məsələyə qarşı çıxanların əsas arqumenti də odur ki, "neft ölkəsində cərimələr artırılır", "bu qədər cərimənin sonu yoxdur" və s.
Əvvəla bilməyənlərin diqqətinə çatdırım ki, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı dəyişikliklər tətbiq olunacaq.
1. Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə, 200 manatdan 4000 manatadək;
2. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə, cərimənin məbləği 50 manatdan 300 manatadək; (təkrar törədilsə 700 manat məbləğində cərimə edilir, yaxud 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur)
3. Məişət tullantılarının kənar yerlərə atılmasına görə, 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq elə birinci oxunuşda qəbul edilib.
Bir haşiyə çıxım.
Elə bir neçə gün əvvəl tanınmış aparıcı İlkin Həsəni də öz sosial şəbəkə hesabında video paylaşmışdı. Belə ki, onun qarşısında dayanan avtomobilin sürücüsü maşının pəncərəsindən küçəyə rahatca, elə bil dədəsinin evidir kimi zibili atır. İlkin Həsəni də haqlı olaraq videonu paylaşıb, yazmışdı ki, belə davranan adamlara qarşı sərt tədbir görülməlidir.
Dediyim odur ki, cəmiyyətin sağlam üzvləri şəhərin və ölkənin təmizliyi üçün əlindən gələni edirlər. Özü də İlkin təkcə video çəkməklə kifayətlənmir.
İlkin dəfələrlə şəhər bulvarında yerdə zibil görəndə özü yığışdırır, zibil qutusuna atır, prosesi videoya çəkir ki, baxan adamlar da ibrət götürsünlər, ətrafı zibilləyənlər kimi davranmaqdan çəkinsinlər. Ölkənin əsas ulduzlarından birinin bu cür addım atması təbii ki, təqdirəlayiq haldır. Deməli bu adam ilk növbədə gözəl vətəndaşdır, vicdanlı adamdır, başqasının zəhmətinə hörmətlə yanaşan biridir.
Onu izləyən auditoriyanın yarısı bu dediklərimə riayət etsə, ölkə təmizlikdən par-par yanar.
İndi keçirəm İlkin Həsəninin paylaşımının altında yazılanlara.
Fövqəladə şərhlər isə bunlardır "hamı işverənlik edir", "guya bu, bomba oğlandır", "təmizliyi get evində axtar" və s.
Baxırsan bu yazılanlara, baxırsan küçələrimizə deyirsən "ya Rəbb, yaratmısan, heç olmasa yiyə dur".
İndi Milli Məclisin qəbul etdiyi yeni qaydalara görə qayda pozanlar 4000 manat məbləğində cərimə olunacaqlar.
Düşünürəm ki, bu qanun layihəsi daha əvvəl qəbul olunmalı idi.
Çünki cərimələr həqiqətən də bütün maariflədirmə, təlim-tərbiyə, təşviqat işlərindən daha effektivdir. Cərimələr bizim üçün ən yaxşı tərbiyə üsuludur. Təhlükəsizlik kəmərini taxmaq cərimələrin tətbiqindən əvvəl "zəiflik" kimi dəyərləndirilirdisə, indi sükan arxasına oturan hər kəs ilk növbədə "yaxşı oğlanlığını", "ürəkli olmağını", "cəsurluğunu" bir qırağa qoyub təhlükəsizlik kəmərini taxır.
İndi qaldı zibili yerə atmamaq, harada gəldi siqaret çəkməmək, yerə tüpürməmək, çoxmərtəbəli binanın eyvanından uşaq bezini küçəyə fırlatmamaq. Nə qalıb ki, vur-tut 4000 manat. O da düzələcək.
O gün toy məclisindəyəm, süfrə arxasında da "ziyalı" adamlar. "Ziyalılardan" biri elə ümumi zalda, stol arxasında başladı siqaret çəkməyə. Özü də deyəsən ağciyərləri betondan idi. Siqareti siqaretə calayır. İstədim ikicə kəlmə deyim ki, "ay dəyərli millətimin dəyərli övladı, get o yanda zəhərlən", dedim toyda dava düşəcək, gəl indi bölmədə başa sal ki, necə oldu şampan şüşəsi siqaret çəkən "ziyalının" başına keçdi. Çıxdım foyeyə, bir az fırlandım, çıxıb getdim toydan. Halbuki, qapalı məkanlarda siqaret çəkməyə qadağa var. Amma hər nədirsə, bu qanun siqaret çəkənə, məkana görə dəyişir.
Məsələyə yenə "müxalif" gözüylə baxanlara isə Sinqapur modelini göstərmək istərdim. Dünyanın ən inkişaf etmiş şəhərlərindən birində hünəriniz var "müxaliflik" edin. Görün o siqaret kötüyünü sizin gözünüzə necə bənd edirlər. Dünyanın siyasi və maliyyə mərkəzlərinin biri olan Sinqapura həm də "fine city" deyirlər, yəni cərimələr şəhəri. Sinqapurda saqqız çeynəmək olmaz. Yerə saqqız tüpürdünsə, 1 000 ABŞ dollar cərimə. İkinci dəfə isə məsələ artıq cərimə bitməyəcək, həmin adamı həbs cəzası gözləyir.
Əgər kimsə yerə siqaret kötüyü və ya hər hansı zibili atsa o zaman 610 ABŞ dolları cərimə ödəyəcək. Ümumiyyətlə Sinqapurda siqaret bahalı əyləncədir, bir qutusu 13 dollardır. Bundan əlavə həmin adam iki həftə ərzində küçələri təmizləyəcək. Yəni özün təmizlə, gör necədir?
Qapalı məkanlarda, kafe və restoranlarda siqaret çəkmək qadağandır. Cərimə 808 ABŞ dolları. Yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkmək olar. Növbəti qadağa isə yeməklə bağlıdır. Sinqapurda küçədə, metroda, avtobusda, parkda qida qəbul etmək olmaz. Yalnız uyğun yerlərdə olar.
Beləcə sərt qaydalar və cərimələr sayəsində Sinqapur təmiz və səliqəlidir. Və cərimələr ağına-bozuna baxmadan hər kəsə tətbiq olunur. İstər yerli əhali, istər də turist.
Nə bilim, dünya yerlə-göylə əlləşir, biz isə hələ də "yerə zibil atmayın" davasını döyürük. Nəsillər dəyişir, babalar-nənələr ölür, yerinə nəvələr gəlir, yenə də eyni problem.
Halbuki, hamımız özümüzə müsəlman deyirik. Gəl ki, "təmizlik imandandır" deyiminə çox az adam riayət edir.
Nə deyirəm, bu dünyada cərimələri, o dünyada da atəşləri bol olsun. Çünki səhərin gözü açılmamış, yaşlı-ahıl anaların istiyə-soyuğa baxmadan, özlərindən böyük olan süpürgələrlə təmizlədiyi o küçələr haramları olsun.