İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində qətlə yetirilən Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin nəşi hələ vətənə gətirilməyib.
Bu barədə Oxu.Az-a həmyerlimizin atası Rafael Xankişiyev məlumat verib.
O, qeyd edib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumatları yoxdur.
"Şirvan rayonundanıq. Bir oğlum, bir qızım var. Oğlum 13-14 il idi İsveçdə yaşayırdı. Hələ evlənməmişdi, subay idi. Orada restoranda işləyirdi.
Hadisənin necə baş verməsi ilə bağlı bizə heç bir məlumat vermirlər. Ortada ancaq fərziyyələr var", - deyə R.Xankişiyev qeyd edib.
Məhəmmədin güllənmə səbəbi və cənazəsinin Azərbaycana nə vaxt gətirilməsinə gəlincə isə, R.Xankişiyev bildirib ki, bu barədə də onlara hələ dəqiq məlumat verən olmayıb.
"Güllənmə səbəbi məlum deyil, amma ortada belə bir fərziyyə var ki, səhvən vurublar. Oradakı polis də, prokurorluq da deyir ki, səhvən vurulub - kiməsə oxşadıblar, səhv salıblar. Deyirlər iş polisdədir, araşdırma aparılır.
Cənazə barədə də dəqiq məlumatımız yoxdur. Dediklərinə görə, bu gün oğlumun meyitini verəcəklər. Əgər bu gün versələr, yəqin ki, sabaha gələr. İstintaq getdiyi üçün dəqiq nəsə bilmirik, gözləyirik", - deyə R.Xankişiyev vurğulayıb.
Xatırladaq ki, hadisə iyulun 30-da baş verib. İsveçdə yaşayan həmyerlimiz Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə qətlə yetirilib.
Əzizə İsmayılova
Rəylər