"Respublika Əmtəə Birjası"nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi"nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.
Oxu.Az xəbər verir ki, bu təyinat mərkəzin hərracların təşkili və icrasında peşəkarlığın artırılması, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.
Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-nin Cənubi Men universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə "Caspian Kargo" şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə "Prologistic" şirkətinin direktoru vəzifələrində çalışıb.
"Respublika Əmtəə Birjası"nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi" 12 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, "AzerGold" QSC və müxtəlif bankların sifarişlərini icra edir. Eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edir. Müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında yüksək peşəkarlıqla hərraclar keçirir.
Kamil Nəcəfovun rəhbərliyi ilə mərkəzdə yeni imkanların yaradılması, iş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılacaq.
"Respublika Əmtəə Birjası"nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi"nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.