Avtomobil almaq diqqət və bilik tələb edən məsuliyyətli bir qərardır. Təcrübə göstərir ki, keyfiyyətsiz nəqliyyat vasitəsinə təkcə işlənmiş maşınlar arasında deyil, həm də avtosalonlarda rast gəlinə bilər.
Oxu.Az-ın Lenta.ru-ya istinadla məlumatına görə, rusiyalı avtomobil mütəxəssisi Tatyana Malışeva problemli avtomobili tanımağa kömək edəcək əlamətlərdən danışıb.
Onun sözlərinə görə, hətta rəsmi dilerlərdən yeni avtomobil almaq belə maşının qüsursuz olacağına zəmanət vermir.
"Bəzi istehsalçılar xərcləri azaltmağa çalışaraq öz modellərində konstruktiv çatışmazlıqlara yol verirlər. Yeni maşınların tipik problemləri arasında bunları qeyd etmək olar: kuzovun geometriyasının pozulması, keyfiyyətsiz rəngləmə və korroziyaya səbəb olan çatlar, avtomobilin sistemlərindən birinin işində nasazlıqlar", - deyə o bildirib.
Ekspert işlənmiş avtomobil alarkən diqqətin daha çox tələb olunduğunu bildirib:
"Kuzovdakı cızıqlar, sürtülmələr, həddindən artıq yeyilmiş pedallar (əyləc problemlərinin əlaməti), rəngin qeyri-bərabərliyi və qalın boya qatı (qəza izlərini gizlədə bilər) alıcı üçün həyəcan siqnalı olmalıdır. Kapotun altında yağ və antifriz sızmaları texniki nasazlıqlardan xəbər verir. Bundan başqa şübhəli dərəcədə az yürüş də narahatlıq doğurmalıdır - satıcı real rəqəmləri gizlədə bilər ki, bu da gələcəkdə böyük təmir xərclərinə səbəb ola bilər".
Malışeva şüşələrin markalanmasını, təkər tağı örtüklərinin oturmasını, cihaz panelinin vəziyyətini yoxlamağı məsləhət görür. Onun sözlərinə görə, yanan indikatorlar maşının sistemlərində xətaların olduğunu göstərir.
"Diqqətli olmaq, texniki bilik və mütəxəssislərin köməyi - avtomobil alışının üç sütunudur", - deyə Malışeva sözlərini yekunlaşdırıb.
Rəylər