Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində növbəti "KOB FEST" sərgi-satış yarmarkası keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, yarmarkada Naxçıvan şəhərindən və ətraf rayonlardan, eləcə də digər bölgələrdən 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən meyvə və tərəvəz, un məmulatları, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, xidmətlər, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.
Yarmarkanın açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, muxtar respublikanın iqtisadiyyat naziri vəzifələrini icra edən Abbas İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Çıxışlarda Naxçıvanın iqtisadi potensialı, biznes və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, "KOB FEST" kimi tədbirlərin bölgəyə məxsus məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi və yerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün əlverişli platforma olduğu qeyd edilib. "KOB FEST" çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.
Sərgi-satış yarmarkası oktyabrın 6-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir, həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Naxçıvan şəhərindən əvvəl "KOB FEST" Bakı, Göygöl, Şəki, Gəncə və Masallı şəhərlərində keçirilib. Bu yarmarkalarda ümumilikdə 240-dan çox KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.
Rəylər