Bu gün Xaçmaz rayonunda "KOB FEST" sərgi-satış yarmarkası işə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, tədbir 3 gün davam edəcək.
Yarmarkanın məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsidir.
Zəfər Parkının ərazisində keçirilən yarmarkada Xaçmaz, eləcə də ətraf şəhər və rayonlardan 60-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir və satılır. Yarmarkaya KOB subyektləri tərəfindən çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.
Yarmarkanın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu və KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat verib, belə tədbirlərin regionda fəaliyyət göstərən sahibkarların məhsullarının satışı və yeni biznes əməkdaşlıqlarının qurulması üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
"KOB FEST" çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.
Bu, sayca 8-ci tədbirdir. Bundan əvvəl "KOB FEST"lər Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan və Zaqatalada təşkil olunub. Bu yarmarkalar çərçivəsində ümumilikdə 330-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin tanıdılmasına, satışına və yeni biznes əlaqələrinin qurulmasına dəstək göstərilib.