Kubra Məhərrəmova yazır...
İnsan övladının mistik hadisələrə həmişə marağı olub. Elə bizim folklorda da mövcuddur. Qapı pusmaq, üzük falı və s.
Bu kimi xalq nümunələri bütün xalqlarda mövcuddur. Məsələn türklərdə qəhvə falı olduqca məşhurdur. Əvvəllər zarafat, əyləncə kimi dəyərləndirilən fal, bu gün milyonlarla qazanc gətirən biznes növünə çevrilib. Özü də vergidən kənar.
Maraqlısı isə odur ki, bu xidmət sahəsinə tələbat gün-gündən çoxalır. Və növləri də artır. Sosial şəbəkələrdə ekstrasens, medium, taroloq və s. adda pul qazananlar peyda olub ki, internet üzərindən fala da baxır, cadunu da çıxarır, ruzi-bərəkət duası da yazır. Özü də hər millətdən, hər dindən olanlar. Bir vaxtlar gizli fəaliyyətlə məşğul olanlar, bu gün sosial şəbəkələr üzərindən özünü pullu reklam etdirir və müştərisinə bir başa çıxır.
Bu yaxınlarda qarşıma Rusiyada yaşayan ezoterik xidmətlər təklif edən qadının reklamı çıxdı. “Facebook”da yazır: “Bu reklam niyə sizin qarşınıza çıxır?”. Açıb oxudum ki, reklamın çatacağı toplumda 18-55 yaş kişi və qadınlar, həmçinin Azərbaycan qeyd olunub. Yəni fal satışını təklif edən “falçı” artıq ölkə hüdudlarını keçərək, Qafqaza üz tutur. Məhz Azərbaycana.
Düşündüm ki, o boyda Rusiya bazarı qalınca, bunlar niyə bizə üz tutub? Sonra yadıma bu yaxınlarda baş verən iki hadisə düşdü. Biri “İnstagram” üzərində azyaşlı oğlanın “Falçı Arzu” kimi insanları aldadan, o biri isə (mediada iddia olunan) Kərəm Həsənovun bacısının falçıya 2 milyon manat verməsi hadisəsi. Birinci hadisənin qısa nəqli odur ki, özünü “Falçı Arzu” kimi təqdim edən yeniyetmə oğlan “Instagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradaraq insanlardan 100 min manat mənimsəyib. Səhifəyə müraciət edən şəxslərə internet üzərindən falçılıq xidmətləri təklif edib, zərərçəkənlərin kart məlumatlarını ələ keçirərək pulları çəkib.
Açığı bu uşağın ağlına heyran qalmamaq mümkün deyil. Yekə-yekə əmi-xalaların başını aldat, üzünü görmədən falına bax, pulunu çıxart. Belə əmi-xalaların sayı 300-ə yaxın olub. Bu hələ üstü açılan məsələdir. Görün üstü açılmayan nə qədəri var.
İkinci hadisə isə daha səs-küylü oldu. Çünki falçının müştərisinin yüksək vəzifəli adamın qohumu olduğu haqda iddia var. Mənimsənilən məbləğ isə nə az, nə çox 2 milyon manatdır. Müxtəlif media qurumlarında əks olunan məlumata görə Əmlak Məsələləri Dövlət Komitəsinə uzun illər rəhbərlik etmiş, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva övladının bəxtini açdırmaq üçün “Maya” ləqəbli falçı Şəfəq İsmiyevaya müraciət edib. Yenə də sosial şəbəkə üzərindən. İnstagramdan.
Görünən odur ki, uzun sürən “bəxt açma” prosesindən bir nəticə almayan qadın aldadılmasını anlayıb və dələduzu məhkəməyə verib. Bakı Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, iki il ərzində Şəfəq İsmiyevaya 1 milyon 998 min manat ödənilib. Ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Dələduzluqda “falçıdan” başqa Ceyhun Zeynallının da adı hallanır ki, o da özünü bu hadisədə günahkar bilmir. Məsələnin ən pik nöqtəsi isə odur ki, “falçı” əldə etdiyi pulları xarici ölkələrə köçürüb. Ceyhun Zeynallı bunu banklardan tranzaksiyaları yoxlamaqla müəyyənləşdirmək mümkün olduğunu bildirib.
Bir “falçı” qadının bu qədər zəki olmağı adamı təəccübləndirməyə bilmir. Bu da yüzlərlə hadisənin biri. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanın hər bir nöqtəsində “bahalı” falçılar var. Bu falçılar da özlərini adlı-sanlı adamlar hesabına “reklam” edirlər. Onların qəbuluna düşmək üçün “müştərilər” on gün əvvəl yazılır və bir qəbulun qiyməti müştərinin problemindən asılı olaraq üzü yuxarı dəyişir. Bu “mütəxəssislər” “bəxt açır”, “ev yıxır”, “yol bağlayır”, “sevgilini qaytarır”, “əri-arvaddan boşatdırır”, bir kəlmə müştərinin pulundan asılı olaraq bütün mistik qüvvələri çağırıb sehrlər törədir. Və varlanır. O qədər varlanır ki, özünə onlarla ev, bağ evi, avtomobillər alır.
Xalq arasında məhşur olan falçı Məmmədsəfanın var-dövləti haqqında əfsanələr gəzirdi. Camaat deyirdi ki, onun torpaqlarının, pulunun, bahalı avtomobillərinin sayı-hesabı yoxdur. Sən demə onun qapısında varlı biznesmenlər, vəzifəli şəxslər və şou-biznes nümayəndələri növbədə dururmuş. Biznesmen və vəzifəli şəxslərdən fərqli olaraq müğənnilər bunu inkar etmir. Əməkdar artist Elnarə Abdullayeva, müğənni Mətanət Əsədova mediaya bunu açıq etiraf etmişdilər.
Qeyd edim ki, birdən kimsə onun yanına getmək istəyər, getməsin. Çünki astaralı falçı bir müddət əvvəl koronavirusdan vəfat edib. Demək ki, koronaya qarşı hələ ki, cadu-pitik icad olunmayıb. Salamatı peyvəndlənməkdir.
Mövzudan kənara çıxmadan demək istərdim ki, bu “falçılıq” əla biznesdir. Oturursan dünyanın bu başında, telefonun o başındakı üçün “iş” görürsən. Whatsapp üzərindən rituallar və s. Kartına da pul oturur. Çox istərdim ki, bu fəaliyyət növü də vergiyə cəlb oluna. Görün büdcəyə nə qədər vəsait gələr. Onsuz da varlı da, kasıb da falçı yanına gedir və gedəcək.
Dərvişin Parisi partlatdığı kimi, indi də kimlərsə Dubayı partlatmaq üçün “dua” yazdırır. Ərindən boşanmamaq üçün “şirinlik” elətdirir, Rusiyada yaşayan ekstrasenslərdən kilsədə şam yandırmasını istəyir, taroloqa müraciət edir. Çünki hər kəs düşünür ki, qismətini dəyişəcək, daha varlı, daha xoşbəxt olacaq. Və bundan insanları uzaqlaşdırmaq mümkün deyil. Nə qədər desək ki, bu xürafatdır, dələduzluqdur heç kim inanmayacaq. Ona görə də bu biznes əbədidir. Heç bir böhranlar, heç bir iqtisadi çətinliklər bu biznesin qarşısını almayacaq.
Gözü qurumayan sehr biznesi. İnsanlara buluddan qəsr tikən, heç bir öhdəliyi, riski, mühasibatı, vergisi olmayan, möhtəşəm pulkəsən maşın.