Paytaxtın mərkəzindən Masazır qəsəbəsinə və geriyə sərnişin daşıyan 525 saylı marşrut avtobusunun sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğu iddia olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Paytaxtın mərkəzindən Masazıra gedən sərnişin avtobusu təhlükə saçdı
Videogörüntüdə avtobusun yüklənmə səbəbindən sağ tərəfinin tamamilə yerə doğru əyilməsi vəziyyətində idarə edildiyi görünür.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən daşıyıcı xəttin rəhbəri Rövşən Salmanov bildirilib ki, sözügedən avtobusun içində həmin vaxt sərnişin olmayıb.
"O avtobus ehtiyat avtobusdur. Gündəlik xəttə çıxan avtobus deyil. Sentyabrın 16-da dərslərin başlaması ilə əlaqədar, gücləndirilmiş rejimdə işləməli olduğumuz üçün xəttə ehtiyat avtobus buraxmalı olduq. Avtobus Masazır ərazisindən keçəndə çuxura düşdüyü üçün onda nasazlıq yaranmışdı. Video çəkiləndə avtobus xətdə olmayıb və sərnişin daşımayıb. Onun içərisində sürücü və bir də mexanikin köməkçisi olub, başqa adam olmayıb. Avtobusda yaranan nasazlığa görə onu qaraja gətirirdilər. Avtobusun yanpörtü getməsinə səbəb də çalaya düşdüyü zaman yaranan nasazlıq olub", - deyə daşıyıcı bildirib.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, istər boş, istərsə də sərnişinlə dolu olsun, ictimai nəqliyyat vasitələrinin bu cür acınacaqlı vəziyyətdə xətlərə buraxılması yolverilməzdir və sərnişinlərin təhlükəsizliyinə birbaşa təhdiddir. Onlar aidiyyəti qurumları bu məsələ ilə ciddi məşğul olmağa və ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırırlar.
Xatırladaq ki, Bakıda ictimai nəqliyyatla bağlı redaksiyamıza daxil olan şikayətlərin böyük əksəriyyəti məhz avtobusların texniki nasazlıqları ilə bağlı olub.
Nəqliyyat ekspertləri bildiriblər ki, paytaxtda ictimai nəqliyyat sisteminin köklü şəkildə yenilənməsinə və müasirləşdirilməsinə ehtiyac var.
Əzizə İsmayılova
Rəylər