"Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bizim üçün çox sərfəli və məsuliyyətli işdir".
Bu sözləri "Report"a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, sentyabrın 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edilib:
"Orada Laçın şəhəri haqqında təqdimat oldu. Laçın şəhərinin əsrarəngiz gözəlliyi forum iştirakçılarını valeh etdi.
Həmçinin, Laçında istehsal olunan məhsulların sərgisi təşkil edildi. Sərgidə əslən laçınlı olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu xalçaları və "Gilabi Ceramics" yaradıcılıq mərkəzinin məhsullarını nümayiş etdirdik. Oktyabrın 8-də MDB Dövlət Başçılarının Şurasının iclasında bu qərar təsdiq edildi. Laçının MDB-nin mədəniyyət paytaxtı ili çərçivəsində Mədəniyyət Nazirliyi ilə birlikdə fəaliyyət tədbirlər proqramı hazırlanacaq. Həmçinin, müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və master-klaslar təşkil olunacaq".