Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70%-də süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, növbəti 3 ildə süni intellektə yönəlik tədqiqat işlərində 50%-lik artım olacağı planlaşdırılır:
"Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb. Biz trendlə ayaqlaşmağa çalışırıq. Biz növbəti 3 il ərzində süni intellekt ilə bağlı tədqiqat işlərində 50%-lik artım gözləyirik. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Ümumilikdə, universitetlərin 70%-də süni intellektə yönəlik tədris aparılması planlaşdırılır. Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq", - deyə nazir bildirib.
O qeyd edib ki, dövlət orqanlarının 35%-i ilə təmas tam olaraq rəqəmsallaşdırılıb.
"Bu addım insanların vaxtına qənaət etməsinə və karbon emissiyasını azaltmağa yönəlib".
Nazir əlavə edib ki, Bakı şəhərinin rəqəmsal əkizi yaradılır.
"Bununla bağlı 6 milyon data-point daxil edilib. 47 milyondan çox tranzaksiyanı koordinasiya etmişik. Bunların hər biri heç bir kibertəhlükə olmadan həyata keçirilib".
Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Rəylər