Sabah Oğuz, Şəki və Xaçmaz rayonları, həmçinin Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrın 13-də saat 09:00-dan "Qaz İxrac" İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə "Yaqublu qol yüksək təzyiqli qaz kəməri"ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad" ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Rəylər