Sabunçu Tibb Mərkəzinin həyətində yaranan xoşagəlməz mənzərə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xəstəxananın köhnə avadanlıqları Sabunçu Tibb Mərkəzinin həyətinə yerləşdirilib. İddialara görə, həmin çarpayılar bir neçə aydır ki, tibb müəssisəsinin həyətində qalıb.
Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Sabunçu Tibb Mərkəzində son zamanlar köklü islahatlar və yenidənqurma işləri aparılır:
"Yeni qurulan Cərrahi reanimasiya şöbəsi, Əməliyyat bloku həmçinin Şüa-diaqnostika şöbəsi sözügedən islahatlara nümunədir".
Məlumata görə, təmir-bərpa işləri hələ də davam etdirilir:
"Bu səbəblə mərkəzdə tibbi avadanlıqların, qurğuların, çarpayıların və digər vasitələrin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi üçün inventarizasiya aparılır. Nəticədə istifadə müddəti bitmiş, istismara yararsız olan tibbi avadanlıqlar, əşyalar, çarpayılar şöbələrdən çıxarılaraq utilizasiya prosesinə hazırlanır. Sözügedən fotolarda yer alan qurğular da bu kimi qrupa aiddir və yaxın günlərdə mərkəzin həyətindən çıxarılaraq ləğvə göndəriləcək".
Rəylər