"Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var".
"Report" xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötənilki hesabatı ilə bağlı danışarkən deyib.
"Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik", - sədr müavini bildirib.
S.Qəhrəmanova qeyd edib ki, məişət zorakılığı baş verəndə ancaq qurbanın problemləri ilə məşğul olunur:
"Amma məişət zorakılığı deyəndə onu törədənlərə də diqqət etmək lazımdır. Çünki həmin şəxs hadisəni törədir və sonra kənarda qalır. Əgər məhkəmələrdə onlara qarşı hadisəni törədəndən sonra məcburi sürətdə reabilitasiya keçməsi tələbi qoyulsa, məişət zorakılığını niyə etdiyini bəlkə dərk edər".
Rəylər