"Sumqayıt-Bakı qatarının 28 dəqiqə gecikməsinə səbəb qapıların bağlanmaması olub".
Bu açıqlamanı Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
"Qatarda hər hansı nasazlıq olmayıb. Qatarlar xəttə çıxmadan əvvəl mütləq qaydada texniki baxışdan keçirilir.
Səhər saatlarında, sıxlıq səbəbindən, sərnişinlər qapının bağlanmasına maneə yaratdığı üçün qatar dayanmalı olub. Çünki, təhlükəsizlik baxımından qapılar kip örtülmədiyi halda qatar hərəkət edə bilməz", - deyə S. Nəzərova qeyd edib.
Əzizə İsmayılova
Texniki nasazlıq qeydə alınan Sumqayıt-Bakı qatarı 28 dəqiqə gecikmə ilə son stansiyasına çatıb.
Oxu.Az-ın məlumatına görə, qatar 08:35-də Bakı Dəmiryol Stansiyasında dayanıb.
Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.
Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.
Sərnişinlərdən saytımıza verilən məlumata görə, qatar hələ də Bakı Dəmiryol Stansiyasına çatmayıb.
Onlar bildiriblər ki, qatarın vaqonlarından birinin qapıları açılmayıb, bu da sərnişinlərin qatara minib düşməsində çətinliklərə və vaxt itkisinə səbəb olub.
Aytac Qasımova
Rəylər