Ölkəmizdə heyvanlara işgəncə verilməsi, bəzən də öldürülməsi halları artıb. Görünən odur ki, mövcud cərimələr effektiv deyil. Ya cərimələrin məbləği azdır, ya da insanların bundan xəbəri yoxdur.
Bəs görəsən, heyvanlara qarşı cinayətlərə görə gələcəkdə həbs cəzası nəzərdə tutula bilərmi? Ümumiyyətlə, məsələnin həlli istiqamətində hansı addımlar atılmalıdır?
Vəkil Mehriban Məmmədova mövzu ilə bağlı Oxu.Az-a danışıb. O, problemin mahiyyətini belə izah edib:
"Azərbaycanda insanların bir qismi heyvanları bir əşya və ya əyləncə mənbəyi kimi görür. Heyvanlara cansız obyekt kimi yanaşılır, onlar döyülür, əzab verilir. Heyvanlarla rəhmsizcəsinə davranaraq şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyətə cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 230, 273, 274, 283, 289, 290-cı maddələrində heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi, qaydaların pozulması, heyvanlarla rəhmsiz rəftar edilməsi nəticəsində maddələrə uyğun sanksiyalar tətbiq edilir. Lakin praktikaya baxsaq, heyvanların, xüsusilə də küçədə yaşayanların amansız rəftara məruz qaldıqları vaxtaşırı müşahidə olunur.
Fikrimcə, nəzərdə tutulan şəxslərlə bağlı sanksiyalar çox yumşaqdır. Məsələn, İXM-in 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə sözügedən şəxslər 500 manat məbləğində cərimə edilirlər. Bu yaxınlarda Bakı və digər şəhərlərdə olmuş hadisələri yada salsaq, bir və ya bir neçə nəfər tərəfindən it və pişiklərə günlərlə işgəncə verən, onları döyən, öldürən şəxslər barəsində hüquq-mühafizə orqanlarına xəbər verdikdən sonra, sadəcə, 500 manat məbləğində cərimələrlə iş bitdi. Hesab edirəm ki, həmin şəxslər barəsində daha sərt hüquqi tədbirlər görülməlidir. Bu addım onları və digərlərini heyvanlara işgəncə verməkdən, tələf etməkdən çəkindirə bilər".
Vəkil qeyd edib ki, heyvanlara əzab verilən zaman hüquq-mühafizə orqanlarına bu barədə məlumat verilməlidir. Onun fikrincə, ölkəmizdə insanlar mövcud olan normalara tabe olmaqda maraqlı deyillər:
"Normaların ictimai münasibətlərdə tətbiq edilməməsinə "hüquqi nihilizm" deyilir. Hüquqi nihilizmin mahiyyəti odur ki, qanunlar vətəndaşların maraqlarına uyğun gəlmir və buna görə vətəndaşlar bu normalara əməl etmirlər. Çünki bu normalar onların "öz heyvanımdır, özüm bilərəm, istəsəm, döyərəm" kimi iddia və fikirlərinə ziddir.
Türkiyədə itlər, pişiklər küçələrdə qorxmadan rahat gəzirlər. Çünki onlar dövlət tərəfindən vaxtında peyvənd edilir, sterilizasiya olunurlar. Əfsus ki, bizdə belə deyil. Çox sayda Avropa ölkəsində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Məsələn, Almaniya konstitusiyasına görə, heyvanlara çəkiliş zamanı əziyyət etmək qəti qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi 10 min avro məbləğində cərimə və ya bir il müddətinə həbs cəzası gözləyir".
O əlavə edib ki, Azərbaycan "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub, ölkəmizdə müxtəlif mərkəz və sığınacaqlar yaradılıb, heyvanlara rəhmsiz rəftara görə məsuliyyət sərtləşdirilib:
"Lakin problemin miqyası bu istiqamətdə daha geniş və intensiv səylərin göstərilməsini tələb edir. Fikrimcə, Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı qanun sərtləşdirilməlidir.
Beynəlxalq təcrübədə Niderlandı uğurlu örnək kimi göstərə bilərik. Dünyada birinci ölkədir ki, küçə heyvanları yoxdur. Çünki orada heyvan haqları, hüquqları tətbiq olunur. Heyvanları evə götürən zaman yüksək vergilər tətbiq edilir. Buna görə də insanlar əvvəlcədən bu barədə ciddi düşünürlər. Niderlandda heyvana pis davranışa görə üç il həbs və 17 000 avro cərimə tətbiq olunur.
Daha sonra Almaniyanı vurğulamaq olar. Orada "heyvan müdafiəçisi" deyə bir peşə var. Həmçinin, orada 20 ildir ki, "heyvanların qorunması" adlı fənn tədris edilir.
Azərbaycanda hüquqi tədbirlər gücləndirilsə, insanların təfəkkürü dəyişsə, heyvanlar əşya kimi deyil, insanların dostları kimi qəbul edilsələr, vəziyyət yaxşılığa doğru dəyişə bilər. Heyvanlar öz həyatlarını yaşamaq üçün dünyaya gəliblər, bizə xidmət etmək üçün deyil. Onları istismar etməməliyik".
Məhərrəm Əliyev
Rəylər