Son günlərdə uşaqlar arasında yeni infeksiya yayılıb.
Xüsusilə azyaşlılarda rast gəlinən infeksiya uşaqların ağız ətrafında yaralarla müşahidə edilir. Həmçinin, infeksiya qızdırma, halsızlıq ilə özünü büruzə verir.
Analar körpələrinin şəkillərini sosial şəbəkələrdə paylaşaraq, həkiməqədər hansı tədbirləri görəcəkləri ilə maraqlanırlar.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran dermatoloq Tünzalə Feyziyeva bildirib ki, uşaqlarda rast gəlinən bu xəstəlik dərinin bakterial infeksiyalar (bakterial dermatozlar) qrupuna aid piodermiyadır:
"Piodermiyalar müxtəlif növ bakterial (stafilokok, streptokok və s.) mənşəli ola bilir. Bundan başqa, follikulitlər, ostiofollikulitlər, hidradenit, furunkul, karbunkul və s. də piodermiya kimi təsnif olunur. Yetkin insanlarda follikulla əlaqədar piodermiyalara rast gəlindiyi halda uşaqlarda daha çox, impetiqo növünə rast gəlinir. İmpetiqo hamar dəri və selikli qişaların kəskin, irinli zədələnməsidir. Uşaqlarda, əsasən, üz nahiyə zədələnir".
Həkim qeyd edib ki, impetiqonun özünün müxtəlif növləri var, ancaq bu, yalnız pediatr və dermatoloq tərəfindən müayinə zamanı dəqiqləşdirilməli, ona uyğun müalicə sxemi qurulmalıdır:
"Vulqar impetiqo xəstəliyində zədə ocaqlarında sarımtıl-yaşıl möhtəviyyatlı fliktenalar görünür. Nisbətən ağır formalarda uşaqlarda qızdırma, halsızlıq, vaxtında həkimə müraciət etmədikdə ikincili infeksiya (göbələk, gənə və s.) qoşulması, prosesin yayılmış formaya keçməsi baş verə bilər. Sağalma zamanı yaşılımtıl çalarlı, sarı rəngli qartmaqlar əmələ gəlir, sonda iz qoymadan sağalır".
Dermatoloqun sözlərinə görə, bakterial dermatozların müalicəsi birmənalı olaraq etiotrop-antibakterial terapiya və patogenetik - orqanizmin immun sisteminin gücləndirilməsinə yönəldilmiş müalicə sxemi ilə aparılır:
"Müalicədə həm sistem (antibiotiklər, immun modulyatorlar, vitamin qrupları), həm də topikal terapiya (antibiotiklər, anilin boyaları, hidrogen peroksid, qlukokortikosteroidlər, ixtiol və s.) önəmlidir. Təbii ki, əgər valideyn övladında bu cür bakterial xəstəliklərin yaranmasından şübhələnirsə, gec olmadan pediatr və ya dermatoloqa müraciət etməsi ən doğru addımdır. Çünki evdə özbaşına edilən "türkəçarə" həm pasiyent, həm də həkimin işini çətinləşdirir və bu zaman xəstəlik də müalicəyə çətin tabe olur".
İnfeksionist Mərdan Əliyev isə bildirib ki, şəkillərdə əks olunan yaralar herpetik yaralara bənzəyir:
"Şəkillərdən gördüyüm qədər, bu, herpetik yaralara oxşayır. Bu xəstəlik herpes virusları tərəfindən törədilir. Xüsusən immun sistemi zəif olan şəxslərdə, körpələrdə, yaşlılarda rast gəlinən xəstəlikdir. Bunlara dodaq ətrafında, bədənin müxtəlif nahiyələrində rast gəlmək olur. Herpes virusunun əsas əlamətləri ağrılı, şəkildəki formada yaraların yaranması və bəzən də qızdırma ilə özünü göstərə bilir. Xəstəliyin ağırlaşmaları nadir hallarda ensefalit, görmə pozğunluğuna səbəb ola bilər. Virus təmas vasitəsilə anadan körpə uşaqlara keçə bilir. Anada belə virus varsa, maska taxmaqla övladını qoruya bilər. Bunun qarşısını almaq üçün immun sistemini qaydasına salmaq, müalicə üçün isə antiviral dərmanlardan istifadə etmək lazımdır".
Pediatr Qoşqar İsmayılovun sözlərinə görə, bu, xüsusilə koksaki viruslarının törətdiyi herpangina dediyimiz əl, ayaq, ağız xəstəliyidir:
"Xəstəlik ağız ətrafında başlayır. Ağız içərisində stomatitlər olur, daha sonra əllərin içində, ayaqların altında səpgilər yaranır. Yüksək hərarət, iştahasızlıq, boğaz ağrıları və s. bu kimi şikayətlərlə özünü göstərir. Həkimə zamanında müraciət olunduqda iz buraxmadan sağalır".
Aygün Mirakif