"Atam uzun illər xəstəlikdən əziyyət çəkdi. Təəssüf ki, onu qoruya bilmədik, bu gün dünyasını dəyişdi. Nə edək? Ölüm haqdır".
Bunu Oxu.Az-a açıqlamasında bu gün vəfat edən Xalq artisti Şahlar Quliyevin oğlu, aktyor Nofəl Şahlaroğlu deyib.
"Mən birinci növbədə atamı yox, böyük bir sənətkarı itirdim, məktəb itirdim. Kaş o məktəb qalaydı, daim öz məsləhətlərini verəydi. Azərbaycan incəsənəti, teatrı, operası 50 ildən sonra başa düşəcək ki, necə böyük bir sənətkarı itirib. Bəlkə də, indi onun fərqinə varmırlar, çox təəssüf. Çünki akademik teatr, opera teatrı böyük janrdır, ciddi musiqi və sənətdir. Hər adam bunun öhdəsindən gələ bilməz. Atam böyük sənətkar idi. 49 il teatrda çalışıb", - mərhumun oğlu deyib.
N.Şahlaroğlu bundan sonra onun üçün çox çətin olacağını əlavə edib:
"Düzünü desəm, indi də başa düşmürəm ki, bundan sonra nə edəcəyəm? Sənətdə nə işlə məşğul olacağam, nələr edəcəyəm, hansı planlarım var, heç bir fikrim yoxdur... Heç nə düşünə bilmirəm".
Mərahim Nəsib
Rəylər