2020-ci il oktyabrın 12-si - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on altıncı günü.
Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Gecə və səhər saatlarından etibarən Ağdam, Goranboy, Tərtər rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur. Nəticədə Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Firudin Kamal oğlu Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.
Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "T-72" tankı, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin iki texnikası məhv edilir. Canlı qüvvə sarıdan xeyli itki verən Ermənistan ordusunun 246-cı alayının tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da məhv edilir.
Həmçinin, Tovuz rayonu istiqamətində düşmənin iki, Ağdam rayonu istiqamətində isə bir PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilir.
Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar diplomatiya cəbhəsində davam etdirilir. Ermənistanın havadarlarının təzyiqləri fonunda Prezident İlham Əliyev qəti əzmkarlıq və siyasi iradə nümayiş etdirir. Oktyabrın 12-də Prezident İlham Əliyev "Haber Global" televiziyasına müsahibəsində Ermənistanın terror mahiyyətini nəzərə almağın lazım olduğunu xatırladır:
"Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər".
Təbii ki, müharibənin on altıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib
Rəylər