Bədənşəkilləndirmə əməliyyatı etdirən 42 yaşlı Gülşən Ağasadıq qızı Əliyeva cərrahın uğursuz əməliyyatından şikayətçidir. Vətəndaş bildirir ki, "Badam Medical Center"in plastik həkim və cərrahı Səkinə Xudiyeva onu əməliyyat etdikdən 3 gün sonra müxtəlif fəsadlar yaranıb bu səbəbdən də təxminən 9 aydır o müalicələr etdirmək məcburiyyətində qalıb.
G.Əliyeva həmçinin bildirib ki, bu barədə Nizami Rayon Prokurorluğuna da müraciət edilib.
Məsələ ilə bağlı "Badam Medical Center"dən Oxu.Az-a bildirilib ki, hazırda haqqında bəhs edilən vətəndaş Gülşən Əliyeva 27 fevral 2024-cü ildə Tibb üzrə Fəlsəfə Doktoru, plastik cərrah Səkinə Xudiyeva tərəfindən liposaksiya, bədən korreksiyası (popo liftinq) və döşün dikləşdirilərək həcmləndirilməsi əməliyyatı edilib.
"Əməliyyatdan bir müddət sonra Gülşən Əliyeva anası ilə klinikaya gələrək estetik döş implantlarının böyük olmasından şikayətlənib və ödədiyi bütün ödənişin və çəkdiyi digər xərclərin (bunların içində müayinələrə gedib gələrkən yola xərclədiyi vəsait də var) geri qaytarılmasını tələb edib.
Bu zaman xəstəyə təklif olunub ki, ölkənin istənilən klinikasında müayinə edilsin, əgər təkrar əməliyyata ehtiyac varsa, bütün xərclər cərrah Səkinə Xudiyeva tərəfindən ödəniləcək. Lakin Gülşən Əliyeva və anası bununla razılaşmayıb.
Daha sonra, estetik döş implantının başqa bir adamın sinəsindən çıxarıldığını iddia edən Gülşən Əliyeva və onun anası dəfələrlə klinikaya gələrək cərrahı və klinikanı mətbuat və sosial şəbəkələrdə şantaj edəcəyi ilə hədələməklə səs-küy salıb, eləcə də klinikadaxili asayişin pozulmasına səbəb olublar. Klinikadakı digər pasiyentlərin narazılıqlarından sonra polis dəvət olunub və onlar klinikadan uzaqlaşdırılıblar.
Vətəndaş Gülşən Əliyeva Səhiyyə Nazirliyinə və müvafiq dövlət qurumlarına əməliyyatla bağlı şikayət edib.
Lakin təyin edilmiş ekspertizaların rəyindən görünür ki, Gülşən Əliyevaya aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olub. Bununla da Gülşən Əliyevanın dövlət orqanlarına etdiyi şikayətlərin tam əsassız olduğu aydın olur", - deyə qeyd olunub.
Rəylər