Telekanallar artıq yeni mövsümə start verirlər. Bu isə o deməkdir ki, yeni serial mövsümü də başlayır. Serial həvəskarları yay aylarında sevdikləri qəhrəmanlar üçün darıxır və yeni mövsümü səbirsizliklə gözləyirlər. Yeni mövsümdə telekanalların seriallarla bağlı planlarını öyrənməyə çalışdıq.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
"Əlvida, xoşbəxtlik"
"Azad Azərbaycan" televiziya kanalının efirində tezliklə yeni bir serial tamaşaçıların görüşünə gələcək. Bu, "Oscar film production"ın istehsal etdiyi "Əlvida, xoşbəxtlik" adlı serialdır.
Serialı ərsəyə gətirənlərdən biri - quruluşçu rejissor Vüsal Məmmədov deyir ki, "Əlvida, xoşbəxtlik" serialı bir qadının yaşadığı xəyanətdən bəhs edir: "Serialın baş qəhrəmanı Nigar ərinin xəyanəti ilə üzləşir. Məlum olur ki, ona xəyanət edən təkcə əri yox, bütün əziz, yaxın bildiyi adamlardır. Bir anın içində bütün doğmalarından zərbə alan qadının iztirabı, qisası, həyat uğrunda mübarizəsi, eyni zamanda ana kimi övladına görə verdiyi qurbanlar serialın ana xəttini təşkil edir".
Ülviyyə Rza, Vüsal Murtuzəliyev, Zemfira Əbdülsəmədova, Firdovsi Atakişiyev, Zülfiyyə Məmmədova, Xumar Səlimova, Elvin Ağayev, Elvira Atakişiyeva və digərlərinin rol aldığı "Əlvida, xoşbəxtlik" serialının baş prodüseri Yaşar Əhmədov, redaktoru İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatoru Mehdi Yaqubdur.
Qeyd edək ki, serial ATV telekanalında həftə içi dörd gün yayımlanacaq.
"Vətəndaş A" izləyicilərin qarşısına çıxacaq
İTV də bu mövsüm tamaşaçılarına yeni serial təqdim edəcək. Bu, ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək qələmə alınan "Vətəndaş A" serialıdır.
Serialın quruluşçu rejissoru Elvin Rüstəmzadə deyir ki, "Vətəndaş A" serialı vətəndaş kimliyini, bu kimliyin cəmiyyətin timsalında təşəkkül prosesini, təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətini vurğulayır: "Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar kənd məktəbinə təyinat alır. Bu idealist müəllimə köhnə adətlərlə, məktəbdəki qanunsuzluqlarla, özbaşınalıqlarla və ayrıca olaraq qadınların hüquqları uğrunda mübarizə aparır. Serialda bu günün problemləri əks olunur və cəmiyyətə güzgü tutur".
Ssenari müəllifi Asiman Ağa Rövşən olan serialda Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynov, Ötkəm İsgəndərov, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Rauf Şahsuvarov, Oktay Mehdiyev, Zülfiyyə Qurbanova, Niyaz Qasımov, Əlibəy Məmmədli, Ramil Məmmədov və digərləri çəkiliblər.
"Sara"nın davamı gəlir
ARB telekanalında da yeni mövsümdə "Sara-2" adlı yeni serial təqdim ediləcək. Bu serial tamaşaçılara ötən mövsümdən tanış olan "Sara" serialının davamıdır. "Whiteroofpro" və "Oksimedia prudiction"nın birgə layihəsi olan serialın baş prodüserləri Ziya Ağa və Oksana Rəsulova, quruluşçu rejissoru Sain Qəhrəman, baş məsləhətçisi Abu Aleeha, ssenari müəllifləri Könül Məmmədova və Qızbəs Abdullayevadır.
Oksana Rəsulova deyir ki, tamaşaçıların birinci mövsümdən sevdiyi obrazlar ikinci mövsümdə də var: "Lakin onlarla yanaşı, yeni obrazların da tamaşaçıların ürəyini fəth edəcəyinə inanırıq. "Sara-2" ARB kanalının efirində həftədə bir dəfə yayımlanacaq". Baş prodüser qeyd edib ki, serialda bu mövsüm özü, Ziya Ağa, Vidadi Həsənov, Həmidə Ömərova, Mehriban Xanlarova, İlqar Cahangir, Rada Nəsibova, Nəsibə Eldarova, Fidan Axundova, Ülviyyə Əliyeva, Pərvin Dadaşova, Gündüz Əliyev, Əbülfəz İskəndər və digər aktyorlar çəkiliblər. "Ümid edirik ki, "Sara-2" hər kəsin ürəyinə yol tapacaq", - deyə O.Rəsulova qeyd edib.
"Günahsız günahkar" özünü təmizə çıxarmağa çalışacaq
Bir ailə faciəsindən bəhs edən serial da ARB televiziyasında efirə gedəcək. "Günahsız günahkar" adlı serialın quruluşçu rejissoru Kənan MM, ssenari müəllifi Elçin Muradovdur.
"Serial günahsız həbs edilən bir insanın - atanın taleyindən bəhs edir. Onu 18 il ailəsi də günahkar bilir, həbsdən çıxandan sonra qəbul etmir. Ata serial boyu günahsız olduğunu sübut etməyə çalışır", - deyə Kənan MM bildirib.
"Günahsız günahkar" serialında Kənan MM, Aqil M.Quliyev, Günel Həmidova, Arzum Kərimova və digər aktyorlar çəkilirlər.
Qeyd edək ki, serial həftə içi dörd gün yayımlanacaq.
İzləyicilərinə "Xəyanət" etməyən serial
Bu mövsüm Xəzər Televiziyası da serial izləyicilərini unutmayıb. Ötən mövsümdən tamaşaçılara tanış olan "Xəyanət" serialının davamı gəlir. "Xəyanət-2" adlanacaq serialın layihə rəhbəri Cövdət Şükürov deyir ki, bu mövsüm ötən ilkindən də maraqlı olacaq: "Yeni mövsümdə aktyorlar Elxan Yunis, Kəmalə Müzəffər, Pərvanə Qurbanova, İlqar Cahangir, Niyaz İlyasoğlu, Sənan Kazımov, Gülçin Qasımova, Cavidan Novruz, Flora Hüseynli və başqaları bizimlə olacaq. Serialın quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Gəray Həsənovdur".
Yerli istehsal olan seriallardan başqa, telekanallarımızda xarici, xüsusilə də, Türkiyə və Özbəkistan istehsalı olan serialların da Azərbaycan dilində dublyajla efirə getməsi gözlənilir.
Rəylər