Dördüncü "Yüksəliş" müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi iyulun 7-də başa çatıb. Bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara göstərdikləri əzmkar və həyəcanverici mübarizə üçün təşəkkür edib, onlara gələcək karyeralarında yüksəliş arzulayıb. O, eyni zamanda yüksək peşəkarlıq göstərərək müsabiqənin yarımfinal mərhələsinə qədər gələn bütün namizədləri təbrik edib.
Oxu.Az xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə baş tutan yarımfinal turunda müsabiqənin öncəki mərhələlərini uğurla başa vurmuş 315 nəfər finalçı olmaq uğrunda mübarizə aparıb.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.
İştirakçılar bir-birindən maraqlı müxtəlif keyslər üzrə mübarizə aparıb və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndirilib. Dəyərləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilib. İştirakçılara öz səriştələrini rahatlıqla göstərə bilmələri üçün təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edib.
Yarımfinal mərhələsinin nəticələri növbəti 3-5 iş günü ərzində açıqlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Qeyd edək ki, 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Müsabiqənin final mərhələsi 19-21 iyul tarixlərində baş tutacaq. Bununla da dördüncü "Yüksəliş" müsabiqəsi yekunlaşacaq.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.