Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.
C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.
Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.
Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar:
"Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim".
O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb:
"Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lük vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik".
Hacıyeva bildirib ki, onun əsarətinə Azərbaycan Milli Təhlüksizlik Nazirliyinin həyata keçirdiyi silahlı əməliyyatdan sonra son qoyulub. Qeyd olunub ki, sözügedən əməliyyat zamanı onu qaçıran şəxslərdən biri zərərsizləşdirilib.
"Düşünürəm ki, mənim qaçırılmağımda məsuliyyət daşıyan şəxslərin bəziləri Azərbaycanda yüksək vəzifədə qalırlar", - deyə o əlavə edib.
Hacıyeva iddia edib ki, onun qaçırılmağı yoldaşı Cahangir Hacıyevə qarşı iddiaların başlanğıcı olub. Onun sözlərinə görə, bu prosesin kulminasiya nöqtəsi yoldaşının Azərbaycan Beynəlxalq Bankında fırıldaqçılığa görə "yanlış mühakimə" edilməsi olub.
Xatırladaq ki, Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsi tərəfindən qaçırılmışdı. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bildirilirdi.
Hacı Məmmədov
Hacı Məmmədov məhkəməsində qeyd edib ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona iki qətl də tapşırıb:
"Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi".
Digər ifadəsində H.Məmmədov Zamirə oğurlandıqdan altı saat sonra Cahangir Hacıyevdən bir-iki milyon avro pul almalı olduqlarını da vurğulayıb.