Mədəniyyət naziri Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışında iştirak edib
BDU-nun 105 illik yubileyi ilə bağlı həyata keçirdiyi layihələr çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası açılıb.
Açılış mərasimində BDU rektoru Elçin Babayev, mədəniyyət naziri Adil Kərimli, nazir müavini Fərid Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Milli Məclisin üzvü Səbinə Xasayeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU-nun professor-müəllim heyəti iştirak edib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılmasının elm-təhsil, mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. O bildirib ki, BDU ümummilli lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycan xalqının milli sərvətidir. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir:
"BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı bizim əsas prioritetlərdən biridir. Bu auditoriyadan BDU-nun professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq. Bu baxımdan Milli Kitabxananın BDU-ya töhfəsi əvəzsiz olacaq. Son illərdə BDU-da magistratura səviyyəsində "Mədəniyyət hüququ" ixtisaslaşmasının açılması da çox önəmlidir. Kitabxana işi sahəsində həyata keçirilən islahatlarda bu əməkdaşlıq çox faydalı olacaq".
BDU-nun rektoru Elçin Babayev isə bildirib ki, hər bir universitet işəgötürənlərlə münasibətləri düzgün qurmağı bacarmalıdır:
"BDU-da müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Hər iki müəssisə arasında əməkdaşlığın hüdudları daha da genişlənir, tələbələrin elə Universitetin özündə təcrübəkeçmə imkanları yaranır".
Rəylər