28, 29, 30 iyun 2024-cü il tarixlərində, "The Ritz-Carlton Baku" otelində "PAŞA Holding"in təşkilatçılığı ilə "PASHA Hackathon 4.0" keçiriləcək. Hakatonun budəfəki mövzusu "PashaPay" tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.
Belə ki, yarışçılar üç gün ərzində "PashaPay" tərəfindən təqdim olunan "challenge" üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Ötən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: Birinci yer 6000 AZN; ikinci yer 4000 AZN; üçüncü yer 2000 AZN.
Qeyd edək ki, "PASHA Hackathon" innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. "PASHA Hackathon" tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. "Hackathon"da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.
Xatırladaq ki, "PAŞA Holding" tərəfindən "PASHA Hackathon" artıq dördüncü ildir ki təşkil olunur. "Hackathon"un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həllyönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.
Rəylər