Xətai rayonunda 5 Oktyabr - Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
İştirakçılar ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Belə ki, Dövlət Proqramına əsasən rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya laboratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün diqqət mərkəzindədir.
Əldə olunan nəticələrdən söz açan İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonumuz hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atıb. Ötən tədris ili də buna misal ola bilər. Belə ki, 2023-2024-cü tədris ilində ali məktəblərə sənəd verən 3259 nəfər məzundan, 2408 nəfəri tələbə adını qazanıb. 61 nəfər məzunumuz 650 baldan yuxarı bal toplayıb. Bu rəqəm keçən il 17 olub. Doqquz məzunumuz məktəbi qızıl medalla bitirib, bir məzunumuz isə respublika fənn olimpiadasının qalibi olaraq ali məktəblərə daxil olub. Həmçinin, bu il şəhid və qazi övladları da yaxşı nəticələr göstərərək müxtəlif ali məktəblərə qəbul olublar. Rayonumuzun dörd şəhid və iki qazi övladı da bu il ali məktəblərə qəbul olanlar sırasındadır.
İcra başçısı bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Rəylər