Manhetten Federal Prokurorluğu və Federal Təhlükəsizlik Bürosu Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendez və onun həyat yoldaşı, erməniəsilli Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə alıb-almadığını araşdırır.
Bu barədə “The New York Times” məsələ barədə məlumatlı olan iki mənbəyə istinadla xəbər verib.
Prokurorluğun nümayəndəsi ilə görüşən vəkilin sözlərinə görə, Menendezlə bağlı istintaq səlahiyyətlilərin halal ət şirkətinin ofislərində və onun prezidentinin evində apardığı axtarışla bağlıdır.
Qeyd edək ki, 2019-cu ildə sözügedən halal ət biznesi eksklüziv müqavilə qazanıb və Misirdən halal ixracı təsdiqləyən yeganə şirkət olub. ABŞ rəsmiləri bu qədər böyük müqavilənin az təcrübəsi olan şirkətə verilməsinə görə vəziyyəti şübhəli hesab ediblər.
Həmin il “IS EG Halal”ın ofisində və şirkətin prezidenti Vael Hananın evində aparılan axtarış zamanı kompüterlər, mobil telefonlar və sənədləri müsadirə edilib. Məlum olub ki, Hana Misirdən ABŞ-yə mühacirət edən xristiandır. O, məhkəmə sənədlərində etiraf edib ki, qlobal şirkəti idarə etməyə başlamazdan əvvəl islam qanunlarına uyğun olaraq halal ət hazırlamaq təcrübəsi olmayıb.
Beləliklə, “IS EG Halal”ın beynəlxalq ət idxalı və ixracı islami sertifikatlaşdırılmada az təcrübəsi olan xristian tərəfindən idarə edilib.
Bununla belə, Hananın sözçüsü onun, yaxud şirkətin Menendezə və onun həyat yoldaşına hədiyyə verməsini təkzib edib.
Menendezlə Arslanyan 2020-ci ilin oktyabrında Kvinsdə kiçik bir mərasimlə evləniblər. Menendezin 2021-ci ilin may ayında təqdim etdiyi açıqlama hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar. 2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus aktivləri – 100 001 dollardan 250 000 dollara qədər qızıl külçələri - daxil edib.
Bununla belə, senatorun açıqlama hesabatlarında nə “Mercedes-Benz” avtomobilinin, nə də mənzilin adı çəkilir.
Menendezin sözçüsü Cennifer Morrill adı açıqlanmayan mənbələrin dediklərində heç bir fakt olmadığını bildirərək, iddiaları yersiz adlandırıb. Ancaq lüks avtomobil və Vaşinqtondakı mənzillə bağlı istintaq məsələsinə birbaşa cavab verməyib. O, həmçinin, senatorun arvadının qızıl külçələri ilə bağlı sualları da cavablandırmayıb.
ABŞ-də ermənipərəst senator və arvadına qarşı federal cinayət təhqiqatı davam edir - VİDEO
Rəylər