Korrupsiya cinayətdir və bu hal bütün ölkələrə şamil edilir. Yazılı ədəbiyyata görə, korrupsiyaya qarşı mübarizəni ilk dəfə eramızdan əvvəl 24-cü əsrin ikinci yarısında Şumerdə Laqaş şəhər-dövlətinin kralı Uruinimgina başladıb. Qədim Misir, Hindistan, Romada bu cinayətə qarşı mübarizə aparılıb, ümumilikdə bütün dövrlərdə tədbirlərə əl atılıb.
“Report”un məlumatına görə, korrupsiya lobbiçilik üçün günümüzdə də davam edir. Qafqazın, Azərbaycanın, Ermənistanın xəritədə yerini bilməyən ABŞ və Avropa İttifaqından olan konqresmenlər, siyasətçilər lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Onların müxtəlif “həvəsləndirmə”lər qarşılığında bu kimi əməllərə cəlb edildikləri ehtimalı az deyil. Onlar müxtəlif “hədiyyə”lərin müqabilində məsələlərə müdaxilə etməklə qarşıdurmaları daha da gərginləşdirir, yeni problemlər yaradırlar.
Son zamanlar Avropa Parlamentində baş verən korrupsiya qalmaqalı ilə bağlı müzakirələr davam edir. Dünyanın idarə edilməsində, haqqın müdafiəsində başlıca rollardan birini oynayan bir qurumda belə cinayətin törədilməsi Avropa İttifaqının ali qanunverici qurumunun tövsiyə, məsləhət və iradlarının üzərinə kölgə salır. Bu cinayət hadisəsi hətta ittifaqın nüfuzuna da ciddi zərbə vurur.
Bu günlərdə Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kayli korrupsiya işi istintaqı çərçivəsində saxlanılıb. Onun adı futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı korrupsiyada əsas fiqurlardan biri olaraq hallanır. Hazırda Belçika polisi bu işi araşdırır. Eva Kaylinin korrupsiya əməli sübut olunsa, bu, Avropa Parlamentində son zamanların ən böyük cinayət hadisəsi olacaq.
Bu fakt Avropa İttifaqının müxtəlif qurumlarının korrupsiya ilə bağlı irəli sürdükləri ittihamların obyektivliyi üzərinə də kölgə salır. İttifaqın adının bu kimi qalmaqalda hallanması isə təşkilat daxilində “qonorar” qaşılığında lobbiçiliklə məşğul olan cinayətkar şəbəkənin varlığını isbatlayır. Bu, dünyanın az qala hər yerində hüquq pozuntusu, korrupsiya halı axtaran Avropanın öz daxilində böyük maxinasiya sisteminin formalaşdığını deməyə əsas verir.
Bir hadisəni xatırlamaq yerinə düşər. İllər öncə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı Hindistanla bağlı korrupsiyada hallanıb. O, məhkəmədə bildirib ki, Avropa qanunlarında üçüncü dünya ölkələrindən rüşvət almamaqla bağlı bir qanun yoxdur. Bununla da Berluskoni Hindistanla imzalanan müqavilə üçün rüşvət aldığına bəraət qazandırıb. Başqa sözlə, belə çıxır ki, avropalılar bu cinayət əməlini yalnız ölkə və ittifaq daxilinə şamil edirlər.
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Liviyanın keçmiş lideri Müəmmar Qəddafi ilə aralarındakı çoxmilyonluq cinayət sövdələşməsini də buna nümunə olaraq göstərmək mümkündür. Bir neçə il əvvəl Fransa neft sənayesinin 37 rəhbərinə qarşı korrupsiya ittihamı irəli sürülmüşdü. Müttəhimlər Fransanın “Elf Aquitaine” keçmiş dövlət neft şirkətinin direktorlar şurasının üzvləri idi. “Adidas” şirkətinin keçmiş sahibi, tanınmış siyasətçi, iş adamı Bernar Tapi də korrupsiya qalmaqalı çərçivəsində həbs edilmişdi. Bu cinayətdə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard və Fransanın məşhur “France Telecom” şirkətinin başçısı Stefan Rişarın da adı hallanırdı. İddiaya əsasən, Laqard Fransanın maliyyə naziri işləyən zaman Bernar Tapi 403 milyon avro məbləğində rüşvət almaqla ona ziyan vurub.
Fransanın ovaxtkı xarici işlər naziri Brüno le Ru 2017-ci ildə korrupsiya qalmaqalı fonunda istefa verməyə məcbur olub. O, qızını parlamentdə pullu işə düzəltməkdə şübhəli bilinib. Fransada prezidentliyə iddialı Fransua Fiyon da oxşar cinayətdə ittiham olunub. Onun həyat yoldaşı Penelop az işləməsinə baxmayaraq, 1986-2013-cü illərdə dövlət büdcəsindən qanunsuz olaraq əməkhaqqı şəklində yüz minlərlə avro pul almaqda ittiham edilib.
Fransanın keçmiş prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıqda, korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qanunsuz gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilib. Fransa prezidentinin ovaxtkı başqa müşaviri Kader Arif tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilindiyi üçün istefa vermişdi.
ABŞ-də də özlərini ədalətin, məzlumun haqqının müdafiəçisi sayanların adları müxtəlif korrupsiya hadisələrində hallanır. Manhetten Federal Prokurorluğu Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendes barəsində federal cinayətlə bağlı təhqiqat aparır. Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melgendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendesə qarşı seçki kampaniyası çərçivəsində bir milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaq, həmçinin Melgenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.
Qeyd edək ki, Robert Menendes Nadine Arslanyan ad-soyadlı etnik erməni qadınla evlidir. Amerika Erməni Milli Komitəsi Menendesin erməni lobbisinə xidmətini, həmçinin Türkiyəyə və Azərbaycana qarşı “layiqli” işini yüksək qiymətləndirib. ABŞ-nin federal prokurorları senator Robert Menendesin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini də araşdırır. Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuroru “Arslanyan işi” ilə əlaqəli şəxsləri məhkəməyə çağırıb.
Uzun illərdir ABŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi Frank Pellon, Adam Şiff, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Robert Menendes kimi senatorlar, eləcə də bəziləri külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycana qarşı hər cür qərəzli sifarişi yerinə yetirirlər. Senator Menendesin 2005-cı ildən başlayaraq müxtəlif vaxtlarda erməni lobbi təşkilatlarından 250 min dollar əldə etməsini də vurğulamaq yerinə düşər.
ABŞ Konqresindəki erməni lobbisinin uzun müddətdir korrupsiya ilə məşğul olduğu hüquqi cəhətdən qiymətini aldıqca başqa mətləblər də üzə çıxır. Bir müddət əvvəl Konqresin aşağı, Nümayəndələr Palatasının sədri Nensi Pelosi bir qrup ermənisevərlə İrəvana səfəri zamanı Azərbaycana qarşı ədalətsiz çıxışlar etmişdi. Onun da bu kimi cinayət əməllərinə bulaşdığı istisna edilmir. Erməni lobbisi çirkli pullarla konqresmenləri, Fransa Senatının üzvlərini və siyasilərini ələ alaraq Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasına sövq edirlər.
Qərb ölkələri, o cümlədən Fransa, dünyada özlərini demokratiyanın beşiyi sayırlar. Hadisələr isə sübut edir ki, həmin dövlətlərdəki siyasətçilər, prezidentlər, deputatlar və başqa nüfuzlu şəxslər ermənilər də daxil olmaqla müxtəlif lobbilərin maraqlarının ifadəçisinə çevrilirlər. Yuxarıda Berluskoninin üçüncü dünya ölkələri ilə bağlı fikirlərini yada salmışdıq. Menendes, Bokser, Pellon, Şiff, Dold, Şerman, Makron, Fransa Senatının 256 üzvü və daha kimlər törətdikləri cinayət əməllərinə görə cəzalanmayacaqlarına arxayındırlar.
Ona görə də ermənilərdən mənşəyi məlum olmayan milyonlarla dolları, avronu alıb Azərbaycan və Türkiyəyə qarşı əsassız çıxışlar edirlər. Bu azmış kimi, belələri dünyaya haqq-ədalətlə bağlı tövsiyələr verir, korrupsiya ilə bağlı başqalarını ittiham edirlər. Onlar üçüncü dünya ölkələrinin haqqını danaraq quldurluqla məşğul olurlar. Həmin şəxslərin tövsiyə və çıxışları isə oğrunun doğruya bağırmasına çox oxşayır...
Rəylər