ABŞ-də edamın icrasına 20 dəqiqə qalmış cəza təxirə salınıb.
Oxu.Az-ın "Mirror"a istinadla verdiyi məlumata görə, hadisə Texasda baş verib.
Bildirilib ki, Ruben Qutyerres adlı məhkum Braunsvil şəhərində 85 yaşlı Eskolastika Harrisonun qətlində təqsirli bilinib. Prokurorlar iddia ediblər ki, mobil evlər parkının meneceri və keçmiş müəllimənin qətli, onun banklara inanmadığı üçün evində gizlətdiyi 600 000 dollardan çox pulu oğurlamaq sxeminin bir hissəsi olub.
Qətl 1998-ci ildə baş verib, 47 yaşlı məhbus da həmin vaxtdan bəri ölüm kamerasında inyeksiya hökmünün icrasını gözləyib. O, uzun müddətdir ki, yaşlı qadının ölümündə günahkar olmadığını iddia edib və DNT testinin keçirilməsini tələb edib.
Ali Məhkəmə edamı icrasına 20 dəqiqə qalmış hökmün icrasını təxirə salıb. Məhkəmənin qısa qərarında deyilir ki, hökmün icrasının dayandırılması hakimlər onun apellyasiyasına baxıb-baxmamaq barədə qərar verənə qədər qüvvədə qalacaq. Əgər məhkəmə müraciəti rədd edərsə, hökmün icrasının təxirə salınması avtomatik olaraq ləğv ediləcək.
Rəylər