Çinin "Chang`e-6" zondu hazırda Ayın orbitindədir və onun qaranlıq tərəfində "Apollon" kraterinə enməyə hazırlıq mərhələsindədir. Modul kraterin daxilində və ya yaxınlığında ən yaxşı eniş yerini axtarır, alimlər isə optimal şəraiti gözləyirlər.
Bu barədə "Space" nəşri məlumat verib.
Bildirilib ki, eniş iyun ayının əvvəlinə planlaşdırılır.
"Chang`e-6" missiyası Çinin kosmik tədqiqatlar tarixində ən mürəkkəbi hesab olunur, çünki o, eyni vaxtda dörd komponentdən ibarətdir. İyunun əvvəlində eniş aparatı nümunələri orbitə qaldırmaq üçün aparatla birlikdə Ayın görünməyən tərəfinə enməlidir. 48 saat ərzində modul robotlaşdırılmış manipulyatorla səthdən Ay süxurunun nümunələrini toplamalı, qazma vasitəsilə isə Ayın yuxarı hissəsindən nümunələri çıxarmalıdır.
Bundan sonra toplanmış nümunələr orbitə çıxarılması üçün nəqliyyat vasitəsinə ötürüləcək. Ardınca nümunələr xüsusi kapsula köçürülərək Yerə çatdırılacaq. Təxminən beş günlük uçuşdan sonra kapsul Yer atmosferinə daxil olmalı və Çinin şimalına enməlidir.
"Chang`e-6" missiyasının 53 gün davam edəcəyi gözlənilir. Yəni Ayın qaranlıq tərəfindən nümunələr təxminən 23-24 iyun tarixlərində Çin alimlərinə çatdırılmalıdır.
Çin modulunun əldə etdiyi nümunələr Ayın tədqiqi üçün böyük əhəmiyyət kəsb edir, çünki onlar təbii peykin erkən vulkanik tarixinin sirlərini aça bilərlər.
Rəylər