Banqladeşdə məmur oğlu sosial şəbəkələrdə bahalı keçi ilə öyünərək korrupsiya qalmaqalına səbəb olub.
Oxu.Az "bdnews24" saytına istinadən xəbər verir ki, iyun ayında 24 yaşlı Müşfiqur Rəhman İfat adlı şəxs "Facebook"da Qurban bayramı üçün 1.5 milyon Banqladeş takası (təxminən 21.7 min manat) qarşılığında qurbanlıq keçi alması barədə yazıb. Bu alqı-satqıdan xəbər tutan ölkə sakinləri onun gəlir mənbəyi ilə maraqlanıblar və məlum olub ki, İfatın atası Milli Gəlir Şurasının (MGŞ) Gömrük, Aksiz və ƏDV üzrə Apellyasiya Məhkəməsinin sədri Motiur Rəhmandır.
Yaxın vaxtda o, televiziyada çıxış edərək, İfatla qohum olduğunu inkar etməyə başlayıb. Lakin bu məlumatı Banqladeş parlamentinin deputatlarından biri təsdiqləyib. Reputasiyasına görə qorxan Motiur Rəhman korrupsiya sxemlərində iştirak etmədiyini açıq şəkildə bəyan edib.
"Korrupsiyaya Qarşı Mübarizə Komissiyası mənim fəaliyyətimi 4 dəfə araşdırıb və belə nəticəyə gəlib ki, mən heç bir korrupsiya ilə məşğul olmamışam", - deyə o qeyd edib.
Lakin tezliklə məlum olub ki, məmur bizneslə məşğul olub və birjaya pul yatırıb. Nəticədə Rəhman əvvəlki tutduğu vəzifədən azad edilib və ona yeni vəzifə verilməyib.
Korrupsiya qalmaqalından bir neçə gün sonra tələbələr 1971-ci il İnqilab Müharibəsində vuruşanların qohumları üçün dövlət işlərinə kvota verilməsinə etiraz etməyə başlayıblar.
Rəylər