Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çində əhalinin seçmə tədqiqatına başlanıldı: Rəqəmlərin arxasında nə gizlənir?
Çin hakimiyyəti cəmiyyətdəki cari demoqrafik dəyişiklikləri aydınlaşdırmaq məqsədi daşıyan əhalinin seçmə tədqiqatının keçirilməsini elan edib.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, noyabrın 30-na kimi davam edəcək araşdırma yaş, etnik mənsubiyyət, təhsil səviyyəsi, miqrasiya statusu, yaşayış yeri, ailə vəziyyəti, məşğulluq və uşaqların olması kimi geniş spektrli göstəriciləri əhatə edəcək.
Bildirilir ki, son illərdə Çin əhalinin yaşlanması və doğum nisbətinin azalması problemi ilə üzləşib. Ekspertlərin sözlərinə görə, bu, iqtisadiyyat və sosial sahə üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.
Rəsmi proqnozlara görə, 2035-ci ilə qədər Çində 60 yaşdan yuxarı vətəndaşların payı ümumi əhalinin 30%-ni keçəcək.
Qeyd edək ki, Çində 1970-ci illərdən "bir ailə - bir uşaq" doğum nəzarəti siyasəti həyata keçirilirdi. Lakin doğum nisbətinin kəskin düşməsi və əhalinin yaşlanması səbəbindən hökumət məhdudiyyətləri tədricən ləğv etməyə başladı. 1 yanvar 2016-cı ildə Çində hər ailəyə iki uşaq sahibi olmağa icazə verən qanun qüvvəyə mindi. 2021-ci ilin may ayında isə hakimiyyət üç uşağa qədər icazə verdi. Lakin "bir ailə - bir uşaq" siyasətinin nəticələri hələ də özünü göstərir. Gənclərin əksəriyyəti ailə qurmağı və uşaq dünyaya gətirməyi təxirə salır, karyera və şəxsi inkişafa üstünlük verirlər. 2022-ci ildə ölkədə əhali sayı son 60 ildə ilk dəfə azalmağa başladı.
Rəylər