Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2024-cü ilin ilk altı ayında ölkədə avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 11.26 milyon ədədə çatıb. Avtomobil istehsalı isə 5% artaraq 13.89 milyon ədəd təşkil edib. Çindən avtomobil ixracı da artıb - yanvar-iyun aylarında xarici bazarlara 2.79 milyon avtomobil göndərilib ki, bu da bir il əvvəllə müqayisədə 30% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Çində ən populyar marka BYD-dir. 2024-cü ilin ilk iki rübündə şirkət 1.32 milyondan çox avtomobil sataraq bazarın 13.2%-ni təmin edib. Çinlilər arasında ikinci ən populyar marka isə təxminən 921.000 ədəd avtomobili satılan Almaniyanın "Volkswagen" markası olub. VW-nin bazar payı 9.33% təşkil edib. İlk üçlüyü Yaponiyanın "Toyota" markası tamamlayıb - şirkət 686.000 avtomobil sataraq bazarın 6.95%-ni təmin edib.
Dördüncü və beşinci yerləri Yaponiyanın "Honda" (446.000 ədəd) və Çinin "Geely" markaları tutub. İlk 10-luğa müvafiq olaraq müştərilərə 386.000 və 351.000-dən çox avtomobil təhvil verən yerli şirkətlər "Changan" və "Wuling", 317.000-dən çox satılan Bavariya markası BMW, Yaponiyanın "Nissan" (295.500 ədəd) və Almaniyanın "Mercedes-Benz" (293.700 ədəd) daxil olub.
Digər Çin avtomobil istehsalçıları arasında, yuxarıda sadalanan markalardan başqa, yerli istehlakçılar "Cherry" (ilin birinci yarısında 265.000 ədəd satılıb) və HIMA (Aito və Luxeed markalarının satışı cəmi 106.000 avtomobil olub) məhsullarına da maraq göstərirlər. Premium marka "Hongqi" təxminən 191.000 nəfər, "Li Auto" isə 189.000 nəfər tərəfindən seçilib. Daha az maraq göstərilən modellər arasında Çinin GAC (155.000 ədəd) və "Haval" (153.600 ədəd) modelləri yer alır.
Çin bazarında ən çox satılan avtomobil 241.000 ədəd satılan "BYD Qin Plus" elektrik avtomobili olub. İkinci yeri 207.800 ədəd ilə ABŞ-nin "Tesla Model Y" modeli tutub. BYD yenidən üçüncü yeri 207.600 çinlinin bəyəndiyi elektrikləşdirilmiş "Song" modeli ilə qazanıb. Qeyd etmək lazımdır ki, beş fərqli BYD modeli ölkədə ən populyar avtomobillərin ilk onluğuna daxil olub.
Xarici markalar arasında ən populyar avtomobil, qeyd olunan dövrdə 161.000-dən çox yeni sahibini tapmış Yaponiyanın "Nissan Sylphy" sedanı olub. Digər populyar modellər arasında 137.400 ədəd satılan Almaniyanın "Volkswagen Lavida" dördqapılı sedanı, "Toyota Corolla" (133.000 ədəd) və 110.000 ədəd satılan "Volkswagen Sagitar" avtomobilləri də var.
Rəylər