"Hizbullah" hərəkatının üzvləri Təl-Əvivin (İsrail) ətrafına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə hərəkat özünün "Telegram" kanalında bəyan edib.
Bildirilir ki, "Mossad" kəşfiyyat xidmətinin qərargahına zərbələr endirilib.
"Müqavimət qüvvələrinin döyüşçüləri sentyabrın 17 və 18-də Livanda peycer və simsiz rabitə cihazlarının partladılmasına görə məsuliyyət daşıyan "Mossad" kəşfiyyatının qərargahına zərbə endirmək üçün "Qader-1" ballistik raketindən istifadə ediblər", - deyə mətndə vurğulanır.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları oldu. Bu dəfə ölənlərin sayı artdı, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.
"ABC News" telekanalı ABŞ kəşfiyyat mənbələrinə istinadən xəbər verib ki, İsrailin Livan "Hizbullah" hərəkatına qarşı genişmiqyaslı diversiya əməliyyatında əli var və "Mossad" "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlərə partlayıcı maddələrin yerləşdirilməsinə 15 il ərzində hazırlaşıb.
Rəylər