İtaliya məhkəməsi Culiya Korteze adlı qadın jurnalistə sosial şəbəkələrdə Baş nazir Corciya Meloninin boyunu ələ saldığına görə cərimə kəsib.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən bildirir.
Məlumata görə, məhkəmə jurnalistin Meloniyə 5 min avro məbləğində təzminat ödəməsinə qərar verib.
Korteze hələ 2021-ci ilin oktyabrında Meloni müxalifətdə olduğu zaman özünün "X" hesabında Meloninin boyu haqqında şərhlər yazıb və məhkəmə bunu təhqir olaraq qiymətləndirib.
O zaman jurnalist Meloninin şəklini dərc edib və şəklə faşist lider Benito Mussolininin portretini əlavə edib. Həmçinin paylaşımına bir neçə tvit yazıb.
"Sən məni qorxutmursan, Corciya Meloni. Yekunda cəmi 1.2 metr boyundasan, mən, hətta səni görə də bilmirəm", - deyə o, tvitlərin birində yazıb.
Baş nazir jurnalistə qarşı məhkəmə iddiası qaldırıb və məhkəmə 5 min avrodan əlavə, həmçinin Kortezeyə 1200 avro məbləğində şərti cərimə də (yəni jurnalist başqa bir qanun pozuntusuna yol verməsə, ləğv edilə bilər) təyin edib.
Qeyd edək ki, müxtəlif KİV-də Corciya Meloninin boyu 1.58-1.63 metr olaraq göstərilir.
Korteze hələ də hökmdən apellyasiya şikayəti verə bilər. Meloninin vəkili bildirib ki, müvəkkili aldığı hər hansı təzminatı xeyriyyə cəmiyyətinə bağışlayacaq.
Rəylər