Roma yaxınlığında yerləşən Trastevere kəndinə səyahəti turizm bələdçiləri "növbəti səfərinizə saxlamayın", - deyə şiddətlə tövsiyə edirlər. Kiçik kənd qədim Roma dövrünə qədər uzanan zəngin tarixə malikdir və əsrlər boyu müxtəlif mədəniyyətlər tərəfindən formalaşıb. Kənd, ümumilikdə, Romanın sinonimi də hesab edilir. Burada turistlər dar küçələri gəzməyə, bazilikalarda sənət əsərlərini izləməyə, qədim fasadların arxasındakı süjetləri kəşf etməyə fürsət tapırlar.
"Kaspi" qəzetinin "Bələdçi" rubrikasının həmin ərazidən hazırladığı materialı təqdim edirik.
Trastevere "Əbədi şəhər"in ən rəngarəng məhəlləsi də adlanır. Bu ərazi əsl İtaliya ab-havasını tam şəkildə çatdırır. Trasteverenin əsas sərvəti onun atmosferidir.
Qədim kənd Romanın tarixi mərkəzindən cəmi 20-30 dəqiqəlik piyada məsafədədir. Burada səs-küylü kiçik şəhər atmosferi hökm sürür. Kənddə köhnə evlər, orta əsr kilsələri, qeyri-adi mağazalar, suvenir dükanları, müxtəlif restoranlar və pizzaçılar var.
"Ən italyan kəndi"
Trastevere - Tiber çayı boyunca uzanan, orta əsrlərə aid "işçi rayon"dur. "Tiberdən kənarda" mənasını verir. İtaliya paytaxtının füsunkar məhəlləsinin sakinləri özlərini əsl romalı hesab edirlər. Ona görə də kəndə "Ən italyan kəndi" deyilir. Qədim Roma dövründə bu ərazi bir sıra mühüm məbədlərin və ictimai binaların, habelə varlı romalıların bağları və villalarının yerləşdiyi Aventin təpəsi kimi tanınıb. İntibah və Barokko dövründə Trastevere mühüm bədii və mədəni fəaliyyət mərkəzinə çevrilib. Mikelancelo və Bernini də daxil olmaqla, dövrün ən məşhur rəssam və memarlarının bir çoxu bu ərazidə yaşayıb. O vaxt kənddə həm də çoxlu yəhudi əhali məskunlaşıb.
Artıq 17-ci və 18-ci əsrlərdə Trastevere varlı turistlər və səyahətçilər üçün məşhur olan məkana çevrilib. Yerli sarayların bir çoxu hotellər və qonaq evləri kimi fəaliyyətə başlayıb və ərazinin özü canlı gecə həyatı və əyləncəsi ilə tanınıb. 19-cu və 20-ci əsrlərdə Trastevere əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bir çox köhnə binalar sökülüb və ya təmir edilib, yeni yaşayış binaları və ticarət obyektləri tikilib. Bu dəyişikliklərə baxmayaraq, Trastevere tarixi cazibəsini və xarakterini saxlamağı bacarıb. İndi kəndin əhalisi yalnız italyanlardır.
Orijinal və ənənəvi yeməklərin evi
Trasteverenin ürəyi olan Santa Mariya Meydanı kəndin mərkəzidir. Köhnə iş məhəlləsinin səs-küylü küçələrində gəzinti unudulmaz emosiyalar verir, dar küçələrin labirintində sanki vaxt dayanıb. Kiçik meydanın hər tərəfində küçə rəssamları var. Qədim kənd - havada rəngarəng balonlar uçan, musiqiçilərin melodiyaları səslənən, həqiqətən də bayram ab-havası olan yerdir. Gün batdıqdan sonra izdiham restoranlara axışır, gecə saatlarına qədər dar küçələri və kiçik meydanları canlandırır. Bu kənd italyan mətbəxinin ən orijinal və ənənəvi yeməklərinin evidir. Hesab edilir ki, ənənəvi italyan mətbəxinin əsl dadı məhz Trasteveredə qorunur.
Hazırda Romanın tarixi məhəlləsində italyan mətbəxinin kafe, restoran və mehmanxanaları ilə bəzədilmiş dar küçələrdə xalq ənənələri bir-birinə qarışır. Klassik makaron yeməklərindən tutmuş qədim "gelato" ləzzətlərinə qədər hər kəs burada öz zövqünə uyğun nəsə tapır. Yeməkdən başqa, Trastevere canlı gecə həyatı ilə də tanınır. Bölgədə çoxlu bar və pizza satılan yerlər var. Ən dadlı pizza, şəhərin ən yaxşı peçenyeləri və möhtəşəm qastronomiya təkcə turistləri deyil, həm də italyanların özlərini də cəlb edir. Turistlər özlərini romalı kimi hiss etmək üçün 3-5 günlük ev kirayələyirlər.
Trasteverenin özünəməxsus xüsusiyyətlərindən biri Porte Portesedə hər bazar günü saat 14:00-a qədər keçirilən əntiq mallar bazarıdır. Bu bazarda hər cür paltar, saat, mebel, əntiq əşyalar, kitablar, zinət və bəzək əşyaları satılır. Məxsusi bu bazardan ötrü Trastevereyə gələnlər də var. "Burada satılan əşyalar daha antikdir", - deyə turistlər də, italyanlar da düşünürlər. Trasteverenin küçələrində yaşlı italyanlar səs-küylə kart oynayır, yanlarından keçənlərə mehribanlıqla gülümsəyib "bellissimo" (gözəl) deməklə qonaqpərvərliklərini nümayiş etdirilər. Küçələrdəki kəhrizlərin bumbuz suları da yayın istisində ürəyə ayrıca sərinlik yayır.
Hər küçənin öz salnaməsi
Trastevere - sirlər və əfsanələrlə dolu kənddir. Burada dolama küçələrin hər birinin öz salnaməsi var. Fasadlarının arxasında baş verənlər haqqında hekayələri bilmədən Trastevere ilə tanış olmaq mümkün deyil.
Qızlar üçün Cəza Evi binası, Palazzo Corsininin imkansız insanlar üçün sığınacağı, kilsənin rahibləri sayəsində 500 ildən çox fəaliyyətdə olan aptek, məşhur italyan aktyoru Alberto Sordinin doğulduğu ev, Rafaelin dəlicəsinə aşiq olduğu çörəkçinin gənc qızının yaşadığı evin pəncərəsindən görüntü turistlərə zövq verir. Küçə musiqiçilərini dinləmək bir başqa həzzdir. Musiqiçilərin himayədarı olan Müqəddəs Sesiliya Bazilikasında öz dövrünün ən məşhur yaradıcılarının - Guido Reni, Pietro Cavallini, Stefano Madernonun əsərləri ilə tanış olmaq imkanı yaranır.
Yarım gününüzü bu kənddə keçirin
Trastevere Roma metro sisteminə birbaşa bağlı deyil, ancaq Piramide stansiyasına çata və sonra səkkiz nömrəli tramvaya keçə bilərsiniz. Bu səfər təxminən 20-30 dəqiqə çəkəcək. Bir neçə avtobus marşrutu da Trasteveredən keçir, bu da Romanın digər hissələrindən əraziyə çatmağı asanlaşdırır.
Romaya səfəriniz zamanı yarım gününüzü mütləq bu kənddə keçirin.
Rəylər