Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı nümunə ilə - unikal "Pininfarina Battista Targamerica" superkarı ilə zənginləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Carscoops" saytı məlumat yayıb.
Bildirilib ki, ulduz basketbolçu elektromobili oktyabrın əvvəlində alıb.
"Pininfarina Battista Targamerica" elektromobili Montereydə (ABŞ) keçirilən retro şouda təqdim olunub. Superkar Maykl Cordanın sifarişi ilə bir nüsxədə istehsal edilib. Onun dəyəri açıqlanmır, lakin ekspertlərin fikrincə qiymət iki milyon avronu aşır.
"Targamerica" ilə standart "Pininfarina Battista" kupesi arasındakı əsas fərq çıxarıla bilən damıdır. Bundan əlavə, elektromobil xüsusi təkərlər əldə edib və onun kuzovu mavi zolaqlarla gümüşü rəngə boyanıb.
Daxili interyer xüsusi qəhvəyi dəri ilə bəzədilib. Həmçinin, Cordan üçün xüsusi olaraq siqar tutacağı quraşdırılıb.
Elektrikli superkar cəmi 1900 at gücünə malik dörd mühərrik ilə təchiz edilib. O, 100 km/saat sürətə 2 saniyəyə çatır. Sürət limiti isə 350 km/saatdır. 120 kVt/saat batareya ilə hərəkət məsafəsi 476 km-dir.
Rəylər