Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tramp üç ölkə ilə bağlı sərt qərar verməyə hazırlaşır
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifələrinin icrasına başlayacağı zaman Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcək.
Oxu.Az-ın "TRT Haber"ə istinadən xəbərinə görə, Tramp bu barədə özünün "Truth" sosial media platformasında açıqlama verib.
O, sərhəd təhlükəsizliyini təmin etmək və fentanil başda olmaqla, ölkəyə narkotik ixracının qarşısını almaq məqsədilə Meksika, Kanada və Çinə tətbiq edəcəyi tariflərlə bağlı məlumatları paylaşıb.
Tramp minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə cinayət və narkotik gətirdiyinə diqqət çəkib. O, minlərlə insandan ibarət bu "karvan"ın hazırda açıq olan ABŞ sərhədindən keçməyə cəhd etdiyini və bunun qarşısının alınmasının çətin olduğunu bildirib.
"Yanvarın 20-də verəcəyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-yə gələn bütün məhsullara 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarif fentanil də başda olmaqla, narkotik maddələr və bütün qeyri-qanuni əcnəbilərin ölkəmizi işğal etməsinin qarşısı alınana qədər qüvvədə qalacaq", - deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Meksika və Kanada uzun müddətdir davam edən problemi asanlıqla həll etmək üçün mütləq haqq və gücə sahibdirlər.
"Onlardan bu gücdən istifadə etmələrini tələb edirik", - deyə o bildirib.
Tramp ABŞ-yə göndərilən külli miqdarda narkotik ilə bağlı Çin ilə çoxsaylı danışıqlar apardığını da deyib.
"Çinli nümayəndələr bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı, yəni edam cəzasını tətbiq edəcəklərini dedilər, amma təəssüf ki, bunu heç vaxt etmədilər. Və narkotiklər əsasən Meksika vasitəsilə ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır. Bunu dayandırana qədər Çinin ABŞ-yə gələn bütün məhsullarına 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik", - deyə Tramp nəzərə çatdırıb.
Rəylər