Belarus Ukrayna ilə sərhədində təlimlər adı altında hərbi personal, silah və texnika cəmləşdirir.
Oxu.Az "RBC"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Belarusun Qomel vilayətində şəxsi heyət, o cümlədən ötən ildən Yevgeni Priqojinin üsyanından sonra orada yerləşdirilən Xüsusi Əməliyyat Qüvvələrinin və "Vaqner" özəl hərbi şirkətinin əsgərləri, eləcə də reaktiv atış sistemləri, hava hücumundan müdafiə sistemləri və mühəndis texnikası toplanır. XİN hesab edir ki, bu zonada keçirilən təlimlər, o cümlədən Çernobıl AES-in yaxınlığında olmasına görə təhlükə yaradır.
"Biz Belarus Respublikasının rəsmilərini Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəli səhvlərə yol verməməyə, onun silahlı qüvvələrini isə qeyri-dost hərəkətlərini dayandırmağa və qoşunları Ukraynanın dövlət sərhədindən respublikada mövcud olan atəş sistemlərinin hüdudlarını aşan məsafəyə çıxarmağa çağırırıq", - deyə məlumatda bildirilib.
XİN bildirib ki, Ukrayna Belarus xalqına qarşı heç bir qeyri-dost hərəkət etmək niyyətində deyil, lakin sərhəd pozuntusu olarsa, hərbi obyektlər və təchizat yollarını qanuni hədəf hesab edəcək.
Rəylər